• 27 Aprel 2024
logo
“Fastfud demokratiyası”, yaxud ABŞ-da baş verənlərin gerçək üzü

“Fastfud demokratiyası”, yaxud ABŞ-da baş verənlərin gerçək üzü

ABŞ-da baş verənlər... son 12 ildə, Barak Obamanın hakimiyyətə gəldiyi gündən etibarən çökməkdə olan arxaik siyasi sistemin xaotik çırpıntılarıdır.

Barak Obamanın ABŞ prezidenti seçildiyi vaxt “ABŞ-ın və dünyanın qara günləri başladı” adlı yazı yazmışdım və hətta dəyərli dostlarım bunu irqçi yanaşma kimi dəyərləndirib məni qınamışdılar. Amma sözsüz ki, bu yazını yazanda Barak Obamanın dərisinin rəngini nəzərdə tutmamışdım. Sözügedən yazımda Obama kimi təcrübəsiz və sistemsiz siyasi düşüncəyə sahib olan şəxslərin ABŞ kimi supergücü idarə etməkdə çətinlik çəkəcəklərini, həm daxili, həm də xarici siyasətlə bağlı verdikləri qərarların populist xarakter daşıyacağını ehtimal etdiyim üçün “qara günlər”dən söz açmışdım. Əslində Obamanın hakimiyyətə gəlişindən ən çox ziyan görənlər də qaradərili ABŞ vətəndaşları oldu. Məhz onun prezidentliyi dönəmində Birləşmiş Ştatlar öz qara keçmişinə - aşırı irqçiliyin, milli, dini ayrı-seçkiliyin, dözümsüzlüyün tüğyan etdiyi zaman çərçivəsinə qayıtdı. İrqi ayrı-seçkilik müstəvisində qətlə yetirilənlərin, həbsə atılanların sayı ən yüksək həddə çatdı. Elə qara qitənin sakinləri də Obama hakimiyyətindən öz nəsibini aldılar. Obama prezident seçildikdən 1 il sonra “Ərəb baharı” adı altında böyük tarixə və mədəniyyətə sahib olan xalqların faciəsi başladı. Böyük bir region cəhənnəmə, terror qruplarının meydan suladığı, kütləvi qətllərin adi hal aldığı geosiyasi “Kolizey”ə çevrildi. Dağıdıcı gücünə görə yalnız dünya müharibələri ilə müqayisə edilə biləcək bu proses şübhəsiz ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra da səngimədi...
Bu gün ABŞ-da baş verənlər... Ağ Evin dünyaya qara günlər gətirdiyi zaman kəsiyinin özünü daxili siyasətdə büruzə verən kollaps sindromudur. ABŞ tarixində, daha dəqiq desək son 200 ildə ilk dəfədir ki, baş verən ABŞ Konqresinə hücum faktı da bunu sübuta yetirir. Məlum olduğu kimi ixtişaş nəticəsində 4 nəfər olub. Güllə yarası ilə qətlə yetirilənlərdən biri ABŞ Hərbi Hava Qüvvələrinin veteranı Eşli Bebbitdir... İxtişaşlar zamanı 52 nəfər həbs edilib. Hər kəsin əldə edə biləcəyi bu məlumatları təkrarlamaqda, şübəhsiz ki, məqsədim var. Ötən il, iyunun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən yürüş zamanı, insaların vətənpərvərlik hisslərindən sui-istifadə edərək Milli Məclisin binasına zorla daxil olanları, orada dağıntı törədənləri yəqin ki, hər kəs xatırlayır, Azərbaycan polisinin təmkinli davranışını da... Amma buna baxmayaraq, ABŞ-ın və digər qərb ölkələrinin ənənəvi və qeyri-ənənəvi “media”sı, “hüquq müdafiə” təşkilatçıları, erməni sevdalısı konqresmenləri və onların “azərbaycanlı” adlanan bəzi tör-töküntüləri Azərbaycan polisinin humanist davranışını görməzdən gələrək qanunsuz əməllərinə görə sivil qaydada məsuliyyətə cəlb olunanları az qala “demokratiya mələyi”, onlarla qanunvericiliyin tələb etdiyindən daha humanist davrananları isə “tiran” adlandırırdılar. Halbuki həmin hadisələr zamanı kimsənin burnu belə qanamamışdı. Amma indi ABŞ-da təxminən eyni hərəkətləri sərgiləyənlər polis tərəfindən vəhşicəsinə döyülür, 4 nəfər ölür, çoxlu sayda insan həbs edilir və bütün bunlar klassik “demokratiya müdafiəçiləri” tərəfindən yalnız və yalnız “demokratiyaya hücum” kimi qiymətləndirilir.

Konqress binasına daxil olsalar da faktiki olaraq heç bir dağıntıya yol verməyən insanlar döyülür, öldürülür və həbs edilirlər. Bütün bunlar isə “insan hüquq və azadlıqlarının müdafiəçiləri”nin diqqətindən kənarda qalır. Və “müdrikcəsinə” susmağa üstünlük verirlər.
İkili standartların da iki tərəfi var, şübhəsiz. Uzun illərdən “yaxşı terrorçu-pis terrorçu”, “yaxşı separatçı-pis separatçı”, “yaxşı işğalçı-pis işğalçı”, “yaxşı cinayətkar-pis cinayətkar” yanaşması indi özünün ikinci tərəfini, həm də belə yanaşmanı “kəşf” edənlərin özünə münasibətdə göstərir. Necə deyərlər,! Öz “fastfud demokratiya”nızı özünüz də dadın. Nuş olsun!

Elçin Mirzəbəyli