• 25 Aprel 2024
logo
Mənəvi cinayət

Mənəvi cinayət

Millətin ruhunu ölü söz məzarlarının sərgi salonuna çevirmək olmaz!

Hərbi marşlar və mahnılar, həmçinin vətənpərvərlik ruhunda yazılan əsərlər xüsusi yanaşma, maksimum həssaslıq, peşəkarlıq və məsuliyyət tələb edir. Təəssüf ki, həm 44 günlük Vətən Müharibəsi dövründə, həm daha əvvəl və daha sonra bir neçə mahnı və hərbi marşa yaxın əsərlər istisna olmaqla, söz yığınından, keyfiyyətsiz musiqidən ibarət nəsnələr qulağımızın pərdələrində və zövqümüzdə meydan suladı. Müğənnilərin əhəmiyyətli hissəsi, öz intellektual və mədəni səviyyələrinə uyğun olaraq, oxuduqlarının mahiyyətinə varmadan “hərəyə bir mahnı” yarışına çıxdılar və əldə olunan MÖHTƏŞƏM ZƏFƏRİN və Azərbaycan xalqının ayaqda olan gerçək, təkrarsız VƏTƏNPƏRVƏRLİK RUHUNUN alt-üst edilməsi üçün “bacardıqlarını” əsirgəmədilər. Ruhumuzu yerindən oynadan sözlər və onların ifadə etdikləri müqəddəs dəyərlər zorla, məntiqsiz və zövqsüz bir şəkildə ard-arda düzülərək “üç badam bir qoz” “müsiqi”lərinə pərçimləndi, bayalığın dibinə varıldı... Və bu proses təəssüf ki, davam etməkdədir.

...İllər öncə hörmətli həmkarım Vəsilə Vahidqızı İctimai TV-də vətənpərvərlik ruhunda yazılan mahnıların və mahnı mətnlərinin keyfiyyəti ilə bağlı çox maraqlı bir müzakirə açmışdı, millət vəkili, yazıçı Aqil Abbasla birlikdə, konkret və ünvanlı nümunələr gətirməklə mahnı və marşların mətnlərini təhlil etməyimizə imkan yaratmışdı. Qeyd edim ki, üzərindən, bəlkə də 10 ilə yaxın, ola bilsin daha çox vaxt keçsə də, sözün dəyərini bilən həmkarlarım həmin verilişi və orada müzakirə olunan problemləri, mövzu gündəmə gəldikcə tez-tez xatırladırlar. Qənaətimə görə, bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətinin müsiqi əsərlərinə olan zövqlü və peşəkar münasibəti mövzunun yenidən, ardıcıllıqla və detallı şəkildə müzakirə edilməsinə imkan yaradır. Hər halda dəyərli həmkarlarımın bu ismarışıma etinasız yanaşmayacaqlarına ümid bəsləyirəm.

...Ali Baş Komandanın, Azərbaycan Ordusunun, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin bizə bəxş etdiyi ZƏFƏR bundan sonrakı tariximizi və taleyimizi müəyyənləşdirəcək qədər əhəmiyyətlidir və bu baxımdan daşıdığı mənəvi-ideoloji yükə uyğun bir yanaşma tələb edir. Gənc nəslin tərbiyəsindən, təhsildən başlamış bir MİLLƏT olaraq ən böyük strateji hədəflərimizə doğru aparan yolun hər qarışının cizgisini çəkəcək bu nəhəng, şərəfli mənəvi-ideoloji yükə başdansovdu, qeyri-ciddi və məsuliyyətsiz münasibət, qeyri-peşəkar kampaniyaçılıq bizi özümüzə qaytaran, bütövləşdirən, qürurumuzu dikəldən tarixi uğurumuzun uğursuzların zolağında bəsitləşdirilməsinə yol aça bilər. Təki olmasın, amma belə bir ehtimal istisna deyil.

Bu yazıda ayrı-ayrı mahnıların mətninə, yaxud müsiqisinə diqqət çəkməyəcəyəm. Ən pisləri arasında seçim etmək istəmirəm. Və həm də onların sayı o qədər çoxdur ki, ölü sözlər üçün vaxt öldürməyi doğru saymıram. Əgər daha öncə vurğuladığım kimi, bu mövzuda ictimai müzakirələrin aparılması məqbul sayılarsa, o zaman mənim subyektiv seçimimə məruz qalmayan konkret nümunələrin mətni ilə bağlı öz fikirlərimi açıqlaya bilərəm.

...İndi isə problemin həllinə və daha yaxşı nümunələrin yaranmasına xidmət edən məqamlara toxunmaq istəyirəm. Öncə qeyd edim ki, qadağaların əleyhinəyəm və hansısa məhdudiyyətlərin bu sahədə olan problemləri aradan qaldıracağına inanmıram.

Qənaətimə görə, bu istiqamətdə olan problemlərin aradan qaldırılmasına müvafiq dövlət qurumlarının, yaradıcı birliklərin, televiziya və radio yayımçılarının işbirliyi müsbət təsir göstərə bilər. Bu bağlamda peşəkarlardan ibarət münsiflər heyətinin müsabiqə yolu ilə seçdiyi əsərlərin daxil edildiyi nümunəvi albomların hazırlanmasını və yayımçılara tövsiyyə edilməsini mümkün variantlardan biri kimi nəzərə almaq olar.

Digər çözüm yolu peşəkarların rəhbərliyi və iştirakı ilə yalnız hərbi vətənpərvərlik ruhunda mahnılar ifa edən qrupların yaradılmasıdır. Doğrudur, bununla bağlı yaxşı nümunələr var. Bu sırada, Dövlət Sərhəd Xidmətinin “Nur” vokal-instrumental qrupunun adını xatırlatmaq, hesab edirəm ki, yerinə düşər. Amma bunun yetərli olmadığı qənaətindəyəm. Belə qrupların sayının və üslub müxtəlifliyinin artırılması üçün stimullaşdırıcı addımların atılmasına, davamlı layihələrin həyata keçirilməsinə ehtiyac var. Nümunə olaraq, Rusiyanın “Lyube” qrupunu göstərə bilərəm. Bu qrupun repertuarında olan mahnılar, təkcə vətənpərvərlik motivlərinə görə diqqəti cəlb etmir. Milli identikliyin, vətənpərvərlik ruhunun pafossuz, aşırı hay-küy olmadan təqdimatı baxımından “Lyube” çox yaxşı nümunədir. Təbii ki, bu identikliyi Azərbaycan müsiqisinə daşımaq lazım deyil. Təəssüf ki, son 10-15 il ərzində ölkəmizdə yaranan bəzi hərbi vətənpərvərlik mahnılarında “Lyube” qrupuna və bütövlükdə rus hərbi vətənpərvərlik mahnılarına, romanslarına xas elementlər də nəzərə çarpır ki, bunu milli musiqimizdəki identikliyin qorunması baxımından təhlükəli hesab edirəm. Fars, hind musiqisinin təsiri altında “yazılan” və “oxunan” söz və musiqi yığınlarından ibarət “meyxana”, “çayxana”, “ağlaşma”, “saçyoldu” “nümunələri”nə gəldikdə isə, bu prosesdə zövqümüzün korlanmasına xidmət edən uzunmüddətli və çoxsaylı komponentlərin yer aldığını düşünürəm. Zövq problemi cəmiyyətimizin ən ciddi problemlərindən biridir və geridə qalan zaman kəsiyində buraxılan boşluqların doldurulması üçün hələ xeyli vaxt və əmək sərf olunacaq.

Bu qədər... Əslində ürəyim doludur. Sözün urvatdan, dəyərdən salınması ən ağrılı yerimdir. Amma nə etmək olar, ara-sıra ürəyimi qısaraq boşaltmaqdan başqa əlimdən heç nə gəlmir.

P.S. Millətin ruhunu ölü söz məzarlarının sərgi salonuna çevirmək olmaz. Bu mənəvi cinayətdir.

Elçin Mirzəbəyli

Əməkdar jurnalist, şair