• 20 Aprel 2024
logo
Mətbuat Şurası Vətən müharibəsi ilə əlaqəli fəaliyyətinə dair arayış yayıb

Mətbuat Şurası Vətən müharibəsi ilə əlaqəli fəaliyyətinə dair arayış yayıb

Azərbaycan Mətbuat Şurası Vətən müharibəsi ilə əlaqəli fəaliyyətinə dair arayış yayıb.

Arayışda bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan jurnalistləri yaxından iştirak ediblər.

"Media təmsilçilərimiz cəbhə bölgəsində özlərini peşə borclarını şərəflə yerinə yetiriblər. Onlar ölkə ictimaiyyətinin məlumatlarla təmin edilməsində əsl vətənpərvərlik nümunəsi göstəriblər. Bununla yanaşı, qələmini süngüyə çevirmiş həmkarlarımız da oldu. Onlar arasında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə medallara layiq görülənlər var. Azərbaycan Mətbuat Şurası da Vətən müharibəsi dönəmində müharibə şəraitini tələblərindən irəli gələrək fəaliyyət göstərib", - deyə bildirilib.
Arayışda Mətbuat Şurasının gördüyü işlər xronoloji ardıcıllıqla yer alıb:

27.09.2020. Vətən müharibəsinin başlanması ilə əlaqədar KİV-lərə müraciət. Müraciətdə informasiya müharibəsinin önəmi vurğulanıb, jurnalist peşəkarlığına riayət edilməsinin mühüm tərəfləri izah olunub;

28.09.2020. Azərbaycan Mətbuat Şurası KİV-lərin komendant saatı müddətindəki fəaliyyətinə dair məlumat yayıb. Məlumatda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 sentyabr tarixli 358 nömrəli Qərarı ilə təsdiqlənmiş 3 nömrəli əlavədə Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində faliyyətinə icazə verilən sahələrin siyahısında kütləvi informasiya vasitələrinin də göstərildiyi bildirilib, müvafiq icazə proseduru izah edilib, qoyulan qaydanın pozulmasının yolverilməzliyi əsaslandırılıb;

30.09.2020. Rusiya KİV-lərinin Dağlıq Qarabağ münaqişəsində birtərəfli mövqe tutmalarına, ölkə ictimaiyyətini yanlış, qeyri-obyektiv məlumatlandırmalarına dair Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlanıb;

01.10.2020. Azərbaycan Mətbuat Şurası jurnalistlərin cəbhəboyu ərazilərdə peşə fəaliyyətlərini yerinə yetirmələrinə dair tövsiyə mətnini yayıb;

09.10.2020. Dağlıq Qarabağa xaricdən jurnalist səfərləri ilə bağlı bəyanat. Bəyanatda Azərbaycanın razılığı olmadan bölgəyə jurnalist səfərlərinin həyata keçirilməsinin yolverilməzliyi, Ermənistanın bilərəkdən xarici jurnalistlərin həyatlarını təhlükəyə atması vurğulanıb;

12.10.2020. TASS İnformasiya Agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırovaya təzyiqlə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət;

16.10.2020. Ermənistanın sosial şəbəkələrdəki təxribatları ilə bağlı yerli kütkəvi informasiya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət;

19.10.2020. AZTV-nin çəkiliş qrupunun atəşə məruz qalması ilə bağlı beynəlxalq media qurumlarına müraciət;

24.10.2020. Fransanın “TF1” telekanalının üzləşdiyi durumla bağlı dünyanın aparıcı media qurumlarına, insan hüquqları birliklərinə və beynəlxalq təşkilatlara müraciət;

26.10.2020. Ümumdünya Mətbuat Şuraları Asossiasiyasının üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb. Bununla bağlı onlayn konfrans təşkil olunub;

27.10.2020. “Euronews” telekanalının çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı xarici media birliklərinə, beynəlxalq təşkilatlara və insan hüquqları sahəsindəki qurumlara müraciət;

06.11.2020. Erməni lobbisinin “La Repubblica” qəzetinə hücumu ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət;

16.11.2020. Azərbaycan yer adlarının düzgün istifadəsi ilə bağlı dünyanın KİV-lərinə və jurnalist təşkilatlarına müraciət;

24.11.2020. “WarGonzo” layihəsinin müəllifi Semyon Peqovla bağlı Rusiyanın media ictimaiyyətinə müraciət;

05.10.-25.11.2020 – Cəhbədə döyüşən jurnalistlərin ailələrinə baş çəkilməsi, yardım edilməsi. 20-dək jurnalist ailəsi ziyarət edildi, onlara yardım olunub.