• 24 Aprel 2024
logo
Sorosun “sülh quşları”...

Sorosun “sülh quşları”...

Yaxud vətən xainlərinin “Meydan TV” platsdarmı

Müharibə meydanında acı məğlubiyyətə uğrayan, informasiya məkanında öz ənənəvi mövqelərini itirən Ermənistan və onun Sorosçu hakimiyyəti üzdə daxilə hesablanmış müharibə ritorikasından əl çəkə bilməsə də, sosial şəbəkələrdə və bəzi xaricdən idarə olunan internet resurslarında “sülh quşları”nın virtual uçuşlarının kütləviliyini təşkil etmək üçün dəridən-qabıqdan çıxır. Bu prosesdə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanın daxildəki və xaricdəki “Sorosçu”larının eyni tezislərlə çıxış etməsi prosesin vahid layihə əsasında həyata keçirildiyini sübuta yetirir. Təbii ki, bu tezislərin arasında Azərbaycanın mülki əhalisinin Ermənistan ərazisindən raket atəşinə tutulması, günahsız insanların, o cümlədən körpələrin, uşaqların, qadınların, ahılların qətlə yetirilməsi, yaşayış evlərinin, infrastrukturun dağıdılmasını qınayan bircə kəlmə də yer almır. Hədəfə alınan isə Azərbaycan xalqının nümayiş etdirdiyi mütəşəkkillik, yüksək vətənpərvərlik ruhu, mübarizə əzmidir.

Sosial şəbəkələr, “Meydan TV” kimi virtual Vətən xainlərinin antimilli meydanları Arzu Qeybulla, Emin Hüseynov kimi “sülh quşları”nın Soros və Ermənistan tərəfindən taxılmış qanadlarıyla daha rahat, daha sərbəst pərvazlanmaları üçün platsdarma çevrilib.

“Meydan TV” bir tərəfdən Azərbaycanın rəsmi qurumlarının yaydığı məlumatları yayımlamaqla guya xalqla bir yerdə olduğunu görüntüləməyə çalışır, digər tərəfdən isə “Soros şəbəkəsi”nin təslimçilik aşılayan, vətənpərvərliyin, milli həmrəyliyin gözdən salınmasına xidmət edən təbliğatını körükləyir.

“Meydan TV”nin saytında yayılan “Müharibə, yoxsa insan həyatı?” adlı yazı da belə üzdəniraq nümunələrdən biridir. Əslində yazının başlığındakı sualın özü belə bu qondarma “TV”nin və onun idarəçilərinin gerçək mahiyyətini ortaya qoyur. 27 il ərzində sülh danışıqlarının nəticə verəcəyinə ümid bəsləyən, Ermənistanın saysız-hesabsız hərbi, siyasi və informatik təxribatlarının qarşılığında sonsuz bir səbr nümayiş etdirən Azərbaycan xalqının işğala son qoymaq üçün apardığı mücadiləni şantajçı bir üsulla – müharibə və insan həyatının müqayisəsi müstəvisindən təqdim etmək şərəfsizliyin ən son həddidir. Çünki Azərbaycanın apardığı müharibənin ali məqsədi öz vətəndaşlarının həyatının qorumaq, bölgədə sülhü, sabitliyi, təhlükəsizliyi təmin etməkdir. Bunun da yeganə yolu uzun illərdən bəri Azərbaycan torpaqlarını işğal altında saxlayan, 750 min vətəndaşımızın fundamental hüquq və azadlıqlarını pozaraq onları öz evlərindən didərgin salan, azərbaycanlıları etnik təmizləməyə, soyqırım aktlarına məruz qoyan, atəşkəs dövründə belə mülki Azərbaycan vətəndaşlarını qətlə yetirən Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, təcavüzkarın sülhə məcbur edilməsidir.

“Meydan TV”nin simasız cızmaqaraçılarının qənaətinə görə, “Dağlıq Qarabağdakı son hərbi toqquşmalar bölgədə sülhün bərqərar olması üçün heç bir fayda vermir”. Amma bu simasızlar heç bir yerdə Azərbaycanın məhz Ermənistanı sülhə məcbur etmək, bölgədə sülhün bərqərar olunmasını təmin etmək üçün əks-hücum əməliyyatlarına başladığını yazmır, yaxud demirlər. Bütün bunlar bir yana, “Meydan TV”nin müəllifləri hesab edirlər ki, Azərbaycanın haqq işinə qarşı Sorosçuların, Paşinyan sevdalıların “Müharibəyə yox” və bu kimi digər populist şüarlar altında təbliğatları davam etməli, buna görə onlara kimsə “gözünüz üstə qaşınız var” deməməlidir. Onlar da həyasızcasına öz çirkin təbliğatlarını aparmalı, bütöv bir xalqın ədalət uğrunda mübarizəsini gözdən salmağa davam etməlidirlər.

“Meydan TV”nin müəllifləri səhər müharibədən, axşam isə sülhdən danışan Nikol Paşinyan sayağı bir həyasızlıqla Azərbaycanın ictimai rəyinə təslimçilik toxumu səpən xainlərin əməlləri ilə bağlı təhlükəsizlik orqanlarına şikayət edənləri də anlamadıqlarını bildirirlər. Həmin məqalədən kiçik bir iqtibas gətirirəm: ““Müharibəyə Yox!” şüarı ilə qarşıdurmanın sonlanmasını tələb edən gənclərin təhlükəsizlik xidmətlərinə şikayət edilməsini anlamaq da müşküldür”. Maraqlıdır, Azərbaycana qarşı aparılan xain təbliğatın qarşısının alınması üçün təhlükəsizlik orqanlarına şikayət edənləri anlamaq nə üçün müşkül olmalıdır ki? Özünüzü qanmazlığa qoymusunuz, ya milləti qanmaz hesab edirsiniz? Çaqqal sürüsü... Görünür “İti qovan” əməliyyatından sonra “Çaqqalı qovan” əməliyyatı da keçirmək lazım gələcək...

Qeyd edim ki, haqqında söz açdığım yazıda “Meydan TV”nin sevimli personajı Arzu Qeybullanın sərsəmləmələrinə də istinad edilir. Nə deyir erməni qəzetinin sabiq köşə yazarı Arzu Qeybulla? Deyir ki, «saxta vətənpərvərlik bu radikallaşmanı daha da artıracaq”. Bu nadürüstə görə, Azərbaycan xalqının xilaskar Ordumuzun sülhə məcbuerətmə əməliyyatlarına verdiyi birmənalı dəstək “saxta vətənpərvərlikdir”. “Gerçək vətənpərvər” isə onun kimi Sorosun və erməni diasporunun qucağında oturub işğalçıya qarşı Vətən müharibəsi aparan Azərbaycan xalqını təslimçiliyə çağırmaq, ordumuzun uğurlu hərbi əməliyyatlarını dayandırılmasına çalışmaqdır. Belə... Allahınıza şükür edin ki, azərbaycanlılar sivil adamlardır və sizin kimi vətən xainlərinə qarşı hüquqi müstəvidə mübarizə aparırlar...

Məsələnin hüquqi tərəfindən söz açmışkən, “Meydan TV”nin Azərbaycandakı fəaliyyətinə də elə hüquq müstəvisindən nəzər salmağın vacib olduğunu düşünürəm.

Maraqlıdır, mərkəzi ofisi Almaniyada yerləşən, bu ölkənin Telemedia Qanunua əsasən fəaliyyət göstərən “Meydan TV”nin əməkdaşları Azərbaycanda hansı hüquqi əsaslarla çalışırlar?

Xarici kütləvi informasiya vasitələrinin ölkəmizdəki fəaliyyəti Azərbayan Respublikasının Kütləvi İnformasiya Vasitələri haqqında Qanununun 53-cü maddəsi ilə tənzimlənir. Bu maddənin tələblərinə görə, xarici KİV-lər Azərbaycanda dövlətlərarası müqavilələr, bu yoxdursa müvafiq icra hakimiyyəti orqanının razılığı ilə fəaliyyət göstərə bilər. “Meydan TV” ilə bağlı nə belə müqavilə, nə dəı razılıq olmadığı üçün bu resursun Azərbaycandakı fəaliyyəti qanunsuz hesab olunur. “Meydan TV”nin “freelance” jurnalistlərinin də Azərbaycandakı fəaliyyəti də qeyri-qanunidir. Çünki onlar həm Azərbaycan Respublikasının ərazisində qanunsuz fəaliyyət göstərən xarici KİV-i təmsil edirlər və həmçinin, xarici kütləvi informasiya vasitələrinin əməkdaşları kimi “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun 50-ci maddəsinin tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditə olunmayıblar.

Amma buna baxmayaraq, “Meydan TV”nin əməkdaşları Azərbaycanda fəaliyyət göstərir və buna görə xarici hüquqi şəxs tərəfindən maliyyələşirlər. Bu isə sözügedən qanunun digər müddəlarının kobud şəkildə pozulması deməkdir.

Bu baxımdan, Azərbaycanda “Meydan TV”-nin qeyri-qanuni freelance jurnalistlərinin fəaliyyətinə də imkan verilməməli, qanunvericiliyin tələblərinə əməl edilməlidir.

Elçin Mirzəbəyli
Əməkdar jurnalist, siyasi ekspert