• 20 Aprel 2024
logo
Beynəlxalq təşkilatlar  Azərbaycan jurnalistlərinə dəstək verdilər, Ermənistanın hərəkətlərini  pislədilər

Beynəlxalq təşkilatlar  Azərbaycan jurnalistlərinə dəstək verdilər, Ermənistanın hərəkətlərini  pislədilər

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) çağırışına cavab olaraq, dünyanın 2 ən böyük jurnalist təşkilatı- Beynəlxalq Jurnalistlər Federasiyası və Avropa Jurnalistlər Federasiyası Azərbaycan İctimai Televiziyası əməkdaşlarının Azərbaycan –Ermənistan cəbhə xəttində sentyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalmalarını pisləyən bəyanat qəbul ediblər.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, bəyanatda jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi barədə dəqiq məlumatlar hazırlamalarının vacibliyi qeyd edilib, münaqişə tərəflərindən isə tələb edilib ki, media işçilərinin təhlükəsizliyini təmin etsinlər.

“Bəyanatın digər bir mühüm tərəfi odur ki, müəlliflər Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın dəstəyi ilə separatçı rejimin nəzarəti altına keçdiyini açıq tekstlə ifadə ediblər”, deyə Müşfiq Ələsgərli bildirib.

Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələri tərəfindən nəzarətdə saxlanılan Azərbaycan ərazilərində reportaj hazırlayan İctimai TV əməkdaşları sentyabrın 29-da Tərtər rayonu ərazisində qəflətən Erməni silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Şirkətə məxsus avtomobil silahlı hücum nəticəsində yararsız hala düşüb, TV əməkdaşları özləri isə çevik manevrlər edərək atəş altından çıxmağı, sağ qalmağı bacarıblar. Bununla paralel olaraq, ayrı-ayrı KİV nümayəndələri, o cümlədən, AzTV əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə atəşə məruz qalıblar. Bu isə Cenevrə Konvensiyasının tələblərinə ziddir.

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı beynəlxalq media təşkilatlarına müraciət edərək, Azərbaycan-Ermənistan cəbhə xəttində 27 sentyabr 2020-ci il tarixdən etibarən yenidən başlanmış döyüşlərlə əlaqədar jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atmağa, Ermənistanın hərəkətlərini pisləməyə çağırmışdı.