• 25 Aprel 2024
logo
Ümumdünya Mətbuat Şuraları Assosiasiyası Azərbaycan milli mətbuatının 145 illiyi ilə bağlı toplanıb

Ümumdünya Mətbuat Şuraları Assosiasiyası Azərbaycan milli mətbuatının 145 illiyi ilə bağlı toplanıb

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Azərbaycan milli mətbuatının 145 illiyi ilə bağlı onlayn rejimdə toplantısı keçirilib.

MŞ-dan bildirilib ki, müxtəlif ölkələrdən Assosiasiyaya üzv təşkilatların nümayəndələrinin qatıldıqları tədbirdə iştirakçılara Azərbaycan mətbuatın tarixi, keçdiyi yolun xüsusiyyətləri, bu günü və perspektiv vəzifələri barədə geniş məlumat verilib.

Azərbaycan Mətbuat Şurasının sədri, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası sədrinin birinci müavini Əflatun Amaşov bildirib ki, əsası 1875-ci ildə böyük maarifçi, alim Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuatımız xalqın milli özünüdərk prosesində mühüm ictimai institut olub. Onun daşıdığı maarifçilik missiyası nəticəsində xalqımız milli dövlətçilik şüuru əldə edib.

“Nəticə etibarilə 1918-ci ildə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ideya bazası formalaşıb. Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay müddətində fəaliyyət göstərmiş kütləvi informasiya vasitələrinin palitrası zəngin olub. Başlıca rolu isə milli ruhlu nəşrlər oynayıb. Təəssüf ki, həmin vaxt Azərbaycanın müstəqilliyinin ömrü cəmi iki olmuşdu. Sovet işğalından sonra mətbuat başlıca olaraq Kommunist Partiyasının və rejimin ruporu rolunda çıxış etsə də, həmin vaxt mövcud olmuş mətbuat orqanları milli mədəniyyəti və incəsənəti təbliğ etməklə Həsən bəy Zərdabi tərəfindən müəyyənləşdirilmiş ənənələrə sadiqlik kursu nümayiş etdirib. XIX əsrin sonlarına doğru isə mətbuat mədəniyyət, məişət müstəvisində ortaya qoyduğu məsələlərə ictimai-siyasi motivlər əlavə edib. Bu isə xalqın azadlıq və müstəqillik mübarizəsinə mühüm dəstək olub”, - deyə Ə. Amaşov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşduqdan sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də ciddi uğurlar əldə edilib.

Toplantıda həmçinin dünyada söz azadlığının durumu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.