• 27 Sentyabr 2020
logo
Vüqar Rəhimzadə: “İki sahil” qəzetinin loqosundan istifadə edərək saxtakarlıq edənlər qanun qarşısında məsuliyyət daşıyırlar

Vüqar Rəhimzadə: “İki sahil” qəzetinin loqosundan istifadə edərək saxtakarlıq edənlər qanun qarşısında məsuliyyət daşıyırlar

“İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insanların xəbər almaq, eləcə də yaymaq imkanları kifayət qədər genişlənib. Xüsusilə sosial şəbəkələr bu baxımdan insanlar üçün geniş imkanlar yaradır. Hazırda Azərbaycanda əhalinin 85 faizindən çoxu internet istifadəçisidir. Ölkəmizdə vətəndaşların söz, mətbuat və fikir azadlığı kimi təməl hüquqlarının təminatı yüksək səviyyədə həyata keçirilir, hər kəs fikrini müstəqil, sərbəst şəkildə ifadə edə bilir. Qeyd etdiyimiz kimi, bu vasitələr arasında sosial şəbəkələr xüsusi yer tutur. Təəssüf ki, hər kəs sosial şəbəkələrdən düzgün istifadə etməyi bacarmır. Bəzən “facebook” və digər sosial şəbəkələrdə etik normalara cavab verməyən, hətta təhqir, söyüş, şəxsiyyətin şərəf və ləyaqətinin açaldılması kimi neqativ hallara rast gəlirik. Bununla yanaşı, sosial şəbəkələrdə bir sıra media orqanlarının loqosundan, nüfuzlu şəxslərin fotolarından istifadə edilərək yalan məlumatlar yayılır. Qeyd edim ki, iyul ayının 3-də sosial şəbəkələrdə “İki sahil” qəzetinin loqosundan istifadə edilərək yalan, həqiqəti əks etdirməyən, redaksiyamızın imicinə və işguzar nüfuzuna xələl gətirməyə hesablanan saxta məlumat yayılıb.” Bu fikirləri KİV-ə açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, aparılan araşdırmalar nəticəsində məlum olub ki, qəzetin elektron versiyasında yayıldığı iddia edilən xəbər ümumiyyətlə, mövcud deyil, sosial şəbəkələrdə paylaşılan məlumatlar saxtadır: “Yayılmış linkə daxil olduqda “ikisahil.az” saytının loqosundan və tərtibatından istifadə olunduğu aşkar şəkildə görünür, bununla da qəzetin loqosundan qeyri-qanuni şəkildə istifadə edilməklə dələduzluq edildiyi məlum olur. Xatırlatmaq istəyirəm ki, eyni hal bu ilin fevral ayında da baş verib, qəzetimizin loqosundan istifadə edilərək yaradılan saxta internet saytı yalan, böhtan məlumat yayıb. Belə hallar oxucu ilə qəzet arasında anlaşılmazlıqlara yol açır, dəqiq, qərəzsiz informasiya mənbəyinə olan etibara mənfi təsir edir.”
Baş redaktor əlavə edib ki, hər zaman dövlətçiliyin inkişafına xidmət edən “İki sahil” qəzeti Heydər Əliyev ideyalarının ən böyük təbliğatçısıdır: “Müstəqil Azərbaycanla həmyaşıd, müasir mətbuatımızın yaranmasında və formalaşmasında öz yeri və rolu olan “İki sahil” qəzeti fəaliyyətə başladığı gündən söz və mətbuat azadlığının verdiyi imkanlardan düzgün şəkildə yararlanıb, jurnalistikanın müqəddəs ənənələrinə sadiq qalıb, dövlətçiliyin və milli maraqların qorunmasına xidmət edib. Bu baxımdan baş verən hadisəni qəzetimizin işgüzar nüfuzuna zərər vurulmasına cəhd kimi qiymətləndirirəm. “İki sahil” qəzetinin loqosundan istifadə edərək saxtakarlıq edənlər qanun qarşısında məsuliyyət daşıyırlar. Hesab edirəm ki, bu cür çirkin əməllərin sahibləri məsuliyyətə cəlb olunmalı, onların qanunsuz əməlləri ifşa edilməli və cəmiyyətə açıqlanmalıdır”.