• 18 Aprel 2024
logo
"Türküstan" qəzetinin nəşrə başlamasından 14 il ötür

"Türküstan" qəzetinin nəşrə başlamasından 14 il ötür

Bu gün "Türküstan" qəzetinin nəşrə başlamasından 14 il ötür. "Türküstan"qəzetinin ilk sayı 2006-ci ilin 11 iyununda işıq üzü görüb. O vaxtdan davamlı olaraq həftədə bir dəfə “Adımız məfkurəmizdir” şüarı ilə köşklərə çıxır.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Modern.az-a bildirib ki, qəzet milli mətbuat ənənələrinin, maarifçilik missiyasının davam etdirilməsini, milli maraqların müdafiəsini hər zaman fəaliyyətində əsas prinsiplər olaraq qəbul edib:
“Həftədə 1 dəfə rəngli, 24 səhifədə nəşr olunan “Türküstan” kommersiya məqsədli qəzet deyil, daha çox milli və hərbi vətənpərvərlik, milli ideologiyanın təbliği, dünya azərbaycanlılarının həmrəyliyi, Türk ölkələri arasında əməkdaşlıq və inteqrasiya, Azərbaycan dövlətinin bu sahədəki təşəbbüskar rolunun təbliği istiqamətində fəaliyyət göstərir. “Türküstan” qəzeti ölkəmizdə milli dəyərlərin, Azərbaycan və ümumtürk tarixi və mədəniyyətinin təbliği ilə məşğul olan yeganə ixtisaslaşmış çap media orqanıdır”.
“Türküstan” qəzeti milli, ideoloji fəaliyyətinə görə çoxsaylı yerli və beynəlxalq təltif və mükafatlara layiq görülüb. Bu sırada, Türkiyədə mədəniyyət nazirlərinin toplantısında TÜRKSOY-un xüsusi media ödülü (2012), Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının xüsusi media mükafatı (2018) və digərlərini göstərmək olar.
“Türküstan” qəzeti 2013-cü ildən indiyədək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə nəşrini davam etdirir.
Baş redaktor bildirir ki, qəzet kommersiya məqsədli olmadığı üçün KİVDF-dən alınan maliyyə dəstəyi, həmçinin satışından əldə edilən maliyyə vəsaiti “Türküstan”ın normal fəaliyyəti üçün yetərli deyil: “Türküstan” özünəməxsus oxucu çevrəsi ola bir qəzetdir. Ətrafında milli düşüncəli aydınları, gəncləri birləşdirən qəzetimiz, öz fəaliyyətində maarifləndirmə işini başlıca funksiyası hesab edir. 145 yaşlı Azərbaycan mətbuatının təməl prinsipi də elə budur. Ona görə də, ümid edirik ki, “Türküstan” qəzetinin bu spesifik fəaliyyəti, media ilə bağlı müvafiq dövlət qurumları və ictimai institutlar tərəfindən nəzərə alınacaq. Əgər KİVDF tərəfindən növbəti dövrdə maliyyə dəstəyi artırılarsa, “Türküstan” qəzetinin dövriliyini həftədə 2-3 dəfəyə yüksəltməyi düşünürük”.