• 19 Aprel 2024
logo
"Dini sahədə təsadüfi adamlara meydan vermək olmaz”

"Dini sahədə təsadüfi adamlara meydan vermək olmaz”

“Gərək reportyorlar, köşə yazarları və redaktorlar bu məsələdə dəqiq, ehtiyatlı olsunlar. Azərbaycan mediasında bu mövzunu bilən kifayət qədər jurnalist var” “Mümkün qədər təhrikçi, qızışdırıcı söz və ifadələrdən çəkinmək lazımdır”. Bunu “Sherg.az”a açıqlamasında “Cebhe.info” saytının və “Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli deyib. Redaktor bildirib ki, həqiqətən də dini konfessiyalardan yazan jurnalistin dini bilikləri zəngin olmalıdır: “Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun “dindən yazan jurnalistlərin dini bilgiləri zəngin olmalıdır” fikirləri ilə razıyam. Çünki dini təriqətlər, məzhəblər, konfessiyalar mövzusu çox həssas məsələdir. Bu sahədə təsadüfi adamlara meydan vermək olmaz. Gərək reportyorlar, köşə yazarları və redaktorlar bu məsələdə dəqiq, ehtiyatlı olsunlar. Azərbaycan mediasında bu mövzunu bilən kifayət qədər jurnalist var. Məsələn, Kənan Rövşənoğlu, Etibar Cəbrayıloğlu, Tural İrfan, Tofiq Türkel, Mürtəza Bünyadov bu sahəni bilən dəyərli həmkarlarımızdır. Lakin hesab etmirəm ki, ayrıca dini jurnalistikaya ehtiyac var. Sadəcə bu sahədən yazan jurnalistlər üçün seminarlar, treninqlər, təlimlər keçirmək olar. Bu işi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi təşkil edə bilər”. Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov deyib ki, jurnalistlərin həm dini bilikləri, dinlərlə tanışlığı olmalı, həm də mövcud dini şəraiti, şərtləri bilməlidirlər. Rektorun sözlərinə görə, Azərbaycan tolerant ölkədir və burada müxtəlif konfessiyaların nümayəndələri dinc və yanaşı yaşayırlar.