• 27 Aprel 2024
logo
Xətai rayonunda “Ən yaxşı Novruz xonçası” müsabiqəsi keçirilib

Xətai rayonunda “Ən yaxşı Novruz xonçası” müsabiqəsi keçirilib - FOTO

Xətai Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı rayon məktəbliləri arasında Novruz bayramı münasibətilə “Ən yaxşı Novruz xonçası” müsabiqəsi keçirib. Müsabiqədə “Ən yaxşı Novruz xonçası”nın qalibləri müəyyənləşdirilib.

Bu kimi tədbirlərin əhəmiyyəti böyükdür. Milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunması və gələcək nəsilllərə çatdırılması hər kəsin qarşısında dayanan vətəndaşlıq borcudur. Əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı bu gün xalqımızda xoş əhval-ruhiyyə, qürur hissi yaradır. Artıq dörd ildir Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda alovlandırılır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 18 mart tarixində Xankəndi şəhərində Zəfər meydanında alovlandırdığı bayram tonqalı xalqımızın səbirsizliklə gözlədiyi gün idi. Dövlət başçısı böyük qürur hissi ilə qeyd etdi ki, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, özümüz ədaləti bərpa, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.

Novruz dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Novruz insanları birliyə, həmrəyliyə çağırış edir, dostluq, səmimiyyət mühitini formalaşdırır. 2010-cu ildə BMT-nin qərarı ilə martın 21-i Beynəlxlaq Novruz Günü elan olunub. Bu mühüm addım həyatın yenidən canlanmasının müjdəçisi olan Novruzun müqəddəsliyinə olan inamın göstəricisidir.

Novruz ənənələri incəsənətdə öz əksini tapıb. Novruz bayramı haqqında mahnılar yazılıb, filmlər çəkilib. Atılan hər bir addım milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasına, inkişafına və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Novruz bayramına qədər dörd çərşənbə qeyd edilir: su, od, yel və torpaq çərşənbələri. Bu çərşənbələr bürcləri özündə birləşdirən ünsürləri açıqlayır, insanın 4 ünsürdən yaradılışını simvollaşdırır.

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının keçirdiyi müsabiqə məktəblərin fəal iştirakı ilə müşaiyət olunub. YAP Xətai rayon təşkilatı tərtibatı ilə biri-birindən fərqlənən Novruz xonçalarının müəlliflərinə ikiqat sevinci bəxş edib. Belə ki, xonçalar “SOS Uşaq Kəndi”nə və Xətai rayonundakı 3 saylı uşaq evinin sakinlərinə paylanılıb.