• 13 Noyabr 2024
logo
"Pudralı" maska

"Pudralı" maska

Yaxud dəyişə bilməmək qorxusu

Aptekə daxil oluram… Xeyli müştəri var. Növbə haqqında isə danışmağa dəyməz. Adamlar bir-birinin ağzının içinə girmək üçün dəridən-qabıqdan çıxırlar. İrad tuturam, elə tərs-tərs baxırlar, sanki koronavirusu İrandan kibrit qutusunda gətirmişəm. Nə isə səbrimi basıb soruşuram: Aptekə nə üçün gəlmisiniz? Cavab özünü çox gizlətmir: Maska, spirt, əlcək alacağıq. Ağlım başımdan çıxır: Ay qardaş, ay bacı nəyinizə lazımdır bütün bunlar. Əgər bir-birinizin ağzının içinə girəcəksinizsə, maska da, spirt də, əlcək də heç bir işə yaramayacaq. Satıcıya yaxınlaşıb maska istədiyimi deyirəm və beləcə 30-cu aptekdən "yoxdur" cavabını alıram. "Əlcək necə, var?" - soruşuram və nəhayət, "var" cavabını eşidirəm. Sevincimin ömrü isə təəssüf ki, uzun çəkmir. Satıcı qız tələm-tələsik "kiçik ölçüdədir, həm də pudralı" sözlərini havaya üfurur. Doğrusu, əlcəyin hansı səbəbdən "pudralı" olduğunu anlaya bilmirəm. Bəlkə də maskanın pudralı olduğunu desəydilər, başa düşərdim. Amma əlcək… Beləcə maska və əlcək sevdasından əl çəkirəm və 7 manata 1 litr spirt alıb yoluma davam edirəm. Qarşılaşdığım hər 20-30 adamın birində maska ola ya olmaya… İctimai nəqliyyatda da maskadan istifadə edənlər barmaqla sayıla bilər. Marketlərdə, supermarketlərdə də vəziyyət eynidir. Maskası ilə çənələrinin altını "qoruyan" satıcılar, damarlarından virus əleyhinə ən müxtəlif vasitələrin qarışığının axdığını düşünüb əlcəksiz əlləri il açıq satılan məhsullara "sığal çəkən" nəzarətçilər və bütün bunları adı hal kimi müşahidə edən inzibatçılar… Təəssüf… Bu gün bir daha əmin oldum ki, gecəni gündüzə qatıb apardığımız təbliğata baxmayaraq, vətəndaşlarımızın böyük əksəriyyəti koronavirus təhlükəsini ciddi qəbul etmir. Onların arasında həmkarlarım da az deyil. Əl sıxmaq, qucaqlaşıb öpüşmək, bir-birinin ağzının içinə qədər girib 15-20 dəqiqəlik hal-əhval tutmaq ənənəsi klassik forma və məzmununa uyğun şəkildə davam etməkdədir. Sonra keçirlər kompyuterin qarşısına və millətə "məsafə saxla", "evdə qal" dərsi keçirlər. Millət də Aydan, Marsdan gəlməyib ki… Sanitariya, gigiyena mədəniyyəti, özünün və başqalarının sağlamlığını düşünmək əxlaqı 5-10 günə formalaşa bilməz. Buna illər lazımdır. Çox gec qalmışıq, amma yenə də olsun… Koronavirus təhlükəsi bir sıra məsələlərdə özünü büruzə verən müsbət cəhətlərimizlə yanaşı çoxlu sayda naqisliklərimizi də bir daha ortaya çıxardı. Onların arasında insanların can qorxusu üzərindən sərvət qazanmaq şərəfsizliyi, kamera qarşısında poz verməkdən özgə heç bir işə yaramayan vəzifə məsuliyyətsizliyi, cəhalət, nadanlıq, bəsit və gerilikçi əyalət təfəkkürü... ən təhlükəliləridir. Nə isə… Kimsəni ruhdan salmaq istəmirəm, amma pafoslu cümlələrlə, şuarçılıqla, "bəh-bəh"lə də bir nəticəyə hasil ola bilməyəcəyimizi düşünürəm. P.S. Evdə qal və təfəkkürünü, həyatını, ölkəni necə dəyisəcəyini düşün!

Elçin Mirzəbəyli