Bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Nazirlər Kabineti yanında yaradılan operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda koronavirusun təsdiqləndiyi 3 nəfər var. Onların vəziyyəti stabildir və həkim nəzarətindədirlər:
"İranla sərhəddə 14 günlük karantin tətbiq edilir. 276 nəfər xüsusi dəhliz vasitəsilə İrandan Azərbaycana keçib. Onların hamısı karantin şəraitində saxlanılır".
Y.Qarayeva əlavə edib ki, xəstəliyin diaqnostikası yalnız ÜST-ün tələblərinə cavab verən testlər vasitəsilə aparılır.
O qeyd edib ki, martın 3-dən 9-dək təhsil müəssisələrinin bağlanması qabaqlayıcı tədbirdir:
"Valideynlər uşaqları bu müddətdə qapalı yerlərə aparmasınlar. Xahiş edirik ki, hər kəs bizim verdiyimiz tövsiyələrə əməl etsin".