• 16 İyul 2024
logo
Şəmkir polisi narko-kuryerlik edən qadını saxlayıb

Şəmkir polisi narko-kuryerlik edən qadını saxlayıb

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Şəmkir rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək, ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Aygün Məmmədova Şəmkir rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni 1000 ABŞ dolları və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.
Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan 1 kiloqram 360 qram heroin və 705 qram marixuana aşkar olunaraq götürülüb.
Bundan başqa, şöbə əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb. Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əli Əkbərov özünün və qonşusunun, rayonun Qədim Qala kənd sakini Elvin Misirovun isə yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yenicə əkdiyi narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.