• 27 Aprel 2025
logo
Təsirin əks təsirə bərabərlik əmsalı

Təsirin əks təsirə bərabərlik əmsalı

İnsan təbiətin bir parçasıdır. İnsan təbiətsiz mövcud ola bilməz. Təbiətdəki nemətlərin hamısı ali varlıq olan Tanrı tərəfindən insane oğlunun rifahı üçün yaradılmışdır. Tükənmədən var olan nəsnədir təbiət. Təbiət insan zəkasından asılı olmayaraq öz-özünü tənzimləyən obyektiv varlıqdır. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış uzun sürən təkamül prosesində inkişaf etmişdir. İnsan-təbiətin bir hissəsi, onun ən ali üzvüdür. Bioenergetik varlıq olan insan kainatın ayrılmaz tərkib hissəsi olmaqla təbiət amilləri ilə qarşılıqlı təsirdə artır, yaşayır və inkişaf edir. Amma bu ifadələrdə ilk problem orda meydana çıxır ki, təbiətlə insan eyni sistemin elementləri kimi nəzərdən keçirilsə də, təbiət özü-özünü tənzimləsə də, insan bu təbii prosesin yanlış tərəfində yer alır. Məhz insan fəaliyyəti nəticəsində təbiət ağır zərər gördü, ekoloji böhranlar yaranmağa, təbii fəlakətlərin (amma insan əməyinin təsiri ilə) miqyası artmağa başladı.
40 ildən artıq Afrika təbiətinin vəhşi aləmi ilə üz-üzə qalan Con Abamson yazır: “İnsan-təbiətin yalnız bir hissəsidir, onun ən ali məhsuludur. Lakin təxminən 5 min il bundan əvvəl həmin insan ilk dəfə təbiətə qarşı üsyan etməyə başladı. Həmin təbiətə ki, onu yaşatmış və milyon ildən artıq yedirtmişdir. Beş min il texniki tərəqqi, təbiətin yaratdığı canlılar arasında yeganə ikiayaqlı qiyamçının beş minlik qələbəsi...”.
Uzun illər Azərbaycanda da hakim sayılan sovet ideologiyasının başlıca prinsiplərindən biri idi, insan təbiətə qalib gəlir şüarı. Biz insanlar təbiətin tərkib hissəsiyik, ancaq təbiətin bir çox qanunlarına qarşı çıxırıq. Belə ki, təbiətdə milyon illər davam edən tullantısız mübadilə proseslərindən və ziyansız maddələr mübadiləsi dövranı qanunlarından kənara çıxmışıq. Bundan başqa, təbiətə xas olan təbii sərvətlərdən “qənaətlə” istifadə prinsipləri müasir insanlar tərəfindən qorunmamışdır.
Akademik S.S.Şvars göstərir ki, biosfer həyat üçün zəruri olan elementlərin optimal nisbətini milyon illərlə sabit saxlamış, lakin bir neçə onillik ərzində insan bu tarazlığı poza bilmişdir. Bu isə ekoloji problemlərin yaranmasına səbəb olub. Ekoloji problemlər hazırda bəşəriyyətin ən böyük qlobal problemidir. Bu gün bu ekoloji problemlərin həllində hamı iştirak etməlidir. Heç kimin bu işdən kənarda qalmağa mənəvi haqqı yoxdur. Ekoloji problemlər təbiətdən düzgün istifadə edilməmənin nəticəsidir. Biz biosfer təliminin banisi V.İ.Vernadskinin insan 1 dəqiqə də olsun belə biosfersiz yaşaya bilməz sözlərini unutmamalıyıq.
Bütün mövcud nemətlərdən istifadə edərək təkamül keçdik, min illər ərzində inkişaf edərək bu günə gəlib çıxdıq. Bəs təbiətin lütf və kəraməti qarşılığında bizlər neylədik? Sadəcə barbarlıq, çox təəssüf. Amma unutduq ki, fiziki kəmiyyətcə təsir əks təsirə bərabərdir. Bir-bir atdığımız “daşlar” indi toplu olaraq başımıza “yağır”. Qisas qiyamətə qalmaz deyir dədələr. Budur, göydən yağan daş, canlı, dolu, leysan, kataklizmə bərabər zəlzələlər, yazda, yayda qəfil yağan qar... daha nələr, nələr təbiətin intiqamı deyilmi? Sözümün canı, uzağa getməyək, elə bu il, yaz girər-girməz Yardımlıya, eləcə də Respublikamızın əksər bölgələrinə qar yağdı. Sanki qış yenidən “əzizlədi” bizi. Əcəba, təbiət intiqammı alır? Amma məntiqli düşünsək bu əslində təbiətin də intiqamı deyil, insanın özünün –özünə etdiyidir. Unutmamalıyıq ki, bu gün insanlıq fəlakət qarşısında qaldığı üçün onu çoxsaylı təhlükələr təhdid edir, ən əsası yeni dünya düzəni və ya düzümü ki, orda da əsl düzən xaosdan ibarətdir.

Malik Balaşov, tarixçi-publisist