• 30 Mart 2020
logo
Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı

Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 25-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Masallı rayonunda vətəndaşlarla görüşüb.

Mədəniyyət Nazirliyindən bildirilib ki, qəbuldan öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülərək xatirəsi ehtiramla anılıb.

Daha sonra Əbülfəs Qarayev Masallı rayon Heydər Əliyev Mərkəzində bu rayondan olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən mədəniyyət sahəsi üzrə ali təhsil alan tələbələrin könüllülük prinsipi əsasında mədəniyyət müəssisələrində çalışması, rayon Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərzilik dərnəyinin müasir avadanlıqlarla təmin olunması, kitabxanaların dərsliklər və uşaq ədəbiyyatı ilə təmin edilməsi, yaradıcı sənayenin dəstəklənməsi məqsədilə müxtəlif yerlərdə hazırlanan əl işlərinin satış-sərgilərinin təşkili, uşaq musiqi məktəblərində tanınmış incəsənət xadimlərinin iştirakı ilə ustad dərslərinin keçirilməsi ilə bağlı müraciətlər səsləndirilib.

Qəbulda vətəndaşlar tərəfindən həmçinin rayonda yerləşən tarixi hamamın təmir-bərpa olunması, tarixi abidə olan Banbaşı kənd məscidinin dam örtüyünün dəyişdirilməsi, klub müəssisələrində çalışan işçilərin attestasiyasının keçirilməsi, kitabxanaların ALİSA (mərkəzləşdirilmiş elektron kitabxana sistemi) proqramı ilə təmin olunması, uşaq musiqi məktəblərinin musiqi alətləri ilə təmin olunması, Əməkdar artist, xanəndə Sabir Mirzəyevin adının əbədiləşdirilməsi və digər məsələlərlə bağlı nazir Əbülfəs Qarayevə müraciət edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Nazir bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verib.