• 19 Aprel 2024
logo
“Bu il 40 milyonluq Güney Azərbaycan Xocalı şəhidlərini anacaq”-Güneyli yazar Bəhram Kiyani

“Bu il 40 milyonluq Güney Azərbaycan Xocalı şəhidlərini anacaq”-Güneyli yazar Bəhram Kiyani

Ötən əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının növbəti ildönümü yaxınlaşır.
Güney Azərbaycanda yaşayan bir qrup ziyalı, yazar, milli hərəkat fəalı ilə Xocalı soyqırımının tanıdılması ilə bağlı müraciət edib. Müraciətdə Xocalı soyqırımının dünyaya tanıdılmasının vacib olduğu bildirilir.
Güneyli yazar, siyasi təhlilçi Bəhram Kiyani də hesab edir ki, bütün türk dünyasının qanayan yarası olan Xocalı soyqırımı ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə tanıdılmalıdır:
“Azərbaycana, türklərə qarşı ədalətsizliyi tarixi kökləri var. Ermənilərin bizə qarşı kini, qərəzi bu günün işi deyil. Azərbaycan türklərinin qurduğu dövlət erməniləri, digər qonşularımızı narahat edir. O cümlədən İranı. İran rejimi istəmir ki, Quzey Azərbaycan müstəqil, güclü dövlət olsun. İranda hətta Xocalı faciəsinin anım tədbirlərini də keçirmək mümkün deyil. Rəsmi qadağa yoxdur. Amma elə mühit yaradıblar ki, anım tədbirlərini keçirmək mümkün olmur. Çünki hamı bilir ki, rəsmilər anım tədbirini keçirməkdə həvəsli deyillər. Lakin milli qüvvələr Xocalı faciəsinin anım tədbirlərini keçirməyə çalışırlar. Biz İranda, Güney Azərbaycanda Xocalı faciəsi qurbanlarının xatirəsinə anım tədbiri keçirsək, bunun adını pantürkizm qoyacaqlar. Deyəcəklər ki, pantürkistlər yenə toplaşdı. Dəfələrlə Güney Azərbaycanda Xocalı qurbanlarının anım tədbirini keçirməyə cəhd edilib. Lakin paniranistlər, fars şovinistləri buna imkan verməyib. Lakin bütün qadağalara baxmayaraq 40 milyonluq Güney Azərbaycan Xocalı şəhidlərinin anım tədbirini keçirəcək. Çünki bu təkcə Quzeyin deyil, 50 milyonluq Azərbaycan türklərinin, bütün türk dünyasının faciəsidir”.