• 29 Mart 2024
logo
İqlim dəyişmələri torpaqda ziyanvericilərin aktivləşməsinə səbəb olur

İqlim dəyişmələri torpaqda ziyanvericilərin aktivləşməsinə səbəb olur

Qlobal miqyasda gedən iqlim dəyişmələri ölkəmizin torpaq iqlim şəraitinə də ciddi təsir göstərir.

B+unu bu gün keçirilən mətbuat konfransında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov deyib.

Onun sözlərinə görə, yağıntı və şaxtanın olmaması, mövsümün mülayim keçməsi ilk növbədə əkinçilikdə bitkilərin neqativ inkişafına mane olmaqla yanaşı, ziyanvericilərin aktivləşməsinə səbəb olur.

İ.Cümşüdov qeyd edib ki, mərkəz son dövrlər maarifləndirmə tədbirlərini gücləndirərək fermerlər arasında bilik və bacarıqların artırılmasına, kiçik və orta təsərrüfatlarda innovativ becərmə texnologiyalarının təbliğ olunmasına, quraqlıqla əlaqədar aqrotexniki tələblərin təmin olunmasını aşılamağa çalışır. Bu maarifləndirmə tədbirləri mərkəzin strukturuna daxil olan 7 elmi-tədqiqat institutu, 48 təcrübə təsərrüfatı, 8 regional elm və innovasiya mərkəzi tərəfindən keçirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Siyalə Rüstəmova isə deyib ki, ölkədə baş verən quraqlıq ilk növbədə heyvandarlıq üçün vacib olan yem ehtiyatının keyfiyyət göstəricilərinə mənfi təsir edir.

Onun sözlərinə görə, quraqlıq əsasən bitkilərin inkişafına təsir edir. Bu isə heyvandarlığın inkişafına mane olur: "Mövsümə uyğun olmayan istiləşmə heyvanlar arasında yeni epidemiya və epizootiyaların yayılması ehtimalını artırır. Belə ki, qansoran həşaratlar, böcəklər və meşə zərərvericiləri kütləvi şəkildə vaxtından tez oyanaraq xəstəliklərin yayılmasına səbəb olur".