• 27 Yanvar 2023
logo
“20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu”

“20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” - FOTO

Xətai rayonunda bu mövzuda keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Yanvarın 24-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının təşkilatçılığı ilə Xətai rayonu ərazisindəki orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin və müstəqilliyimizin, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hüzn və şərəf səhifəsi kimi tariximizdə yeri olan 20 Yanvar faciəsinin əsl mahiyyətinin gələcək nəsillərə çatdırılmasında, gənclərə vətənpərvərlik hissinin aşılanmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin “Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır” çağırışını səsləndirdi. Vüqar Rəhimzadə vurğuladı ki, Ümummilli Liderin siyasi kursunu son 19 ildən artıq dövrdə uğurla davam etdirən Prezident İlham Əliyev daim bu hədəfi də açıqlayır ki, tarixi paralellər fonunda müqayisəli təhlil aparılmalı, gənclərimiz müstəqillik yolumuzun heç də hamar olmadığını bilməlidirlər.

YAP Xətai rayon təşkilatının sədri 1990-cı il 20 yanvar tarixinin Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd etdi: “Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, hər zaman xalqının, millətinin yanında olan ulu öndər Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq, faciənin ertəsi günü ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın Daimi Nümayəndəliyinə gəldi. Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı. Faciəyə hüquqi-siyasi qiymət də ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verildi. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.”

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov 20 Yanvar faciəsinin tariximizin hüzn və şərəf səhifəsi kimi qeyd olunduğunu bildirdi. O, gəncləri tariximizi dərindən öyrənməyə, başımıza gətirilən faciələrin gələcək nəsillərə çatdırılmasında fəal olmağa çağıraraq keçirilən belə tədbirlərin gənclərin milli ruhda tərbiyəsində öz sözünü dediyini xüsusi qeyd etdi.

86 saylı məktəbin ibtidai sinif müəllimi Gülsüm Nəsibova və 221 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bədəl Hüseynov bildirdilər ki, inşa yazı müsabiqəsi 20 Yanvar faciəsinin əsl mahiyyətinin öyrənilməsi, yetişməkdə olan gənc nəslin nümayəndələrinə doğma Vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, istedadlı şagirdlərin inşa yazı sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması baxımından əhəmiyyətlidir.

Müsabiqəyə təqdim olunmuş yazıları qiymətləndirmək üçün yaradılmış münsiflər heyətinin üzvü Mahir Hümbətov vurğuladı ki, yazıların hər biri torpaq, Vətən sevgisini özündə ehtiva edir. Gənclərimizin tariximizin ayrı-ayrı qəhrəmanlıq səhifələrinə həsr olunan inşa yazı müsabiqələrində fəal iştirakı onlarda vətənpərvərlik hissinin yüksək olmasının təsdiqidir.

Sonda müsabiqənin qalibləri və həvəsləndirici yerə layiq görülən şagirdlərin adları elan edildi, onlara diplom və hədiyyələr təqdim edildi, xatirə şəkli çəkdirildi.