• 27 Oktyabr 2020
logo
Mübariz İbrahimovla eyni gündə doğulan Vətən aşiqi

Mübariz İbrahimovla eyni gündə doğulan Vətən aşiqi

Yurd sevgisinin, el-oba təəssübkeşliyinin nə olduğunu bu hisləri yaşayanlar qədər heç kim anlaya bilməz. “Vətən-Vətən” deyib bu sözü tutuquşu kimi tez-tez təkirarlayan, özünü vətənpərvər kimi qəbul etdirməyə çalışan, amma əsl-həqiqətdə doğulub boya-başa çatdığı el-obanın laqeyidlikdə suçlayıb qınadığı adamları da az görməmişik. Dillənəndə “ağzına çullu dovşan yerləşməyən”lər səlahiyyət sahibi olsalar da, onların bu nailiyyətindən ərsəyə çatdıqları el-obaya quru addan başqa heç bir pay düşməyib...
Amma nə yaxşı ki, “Vətən doğulduğun yurddan başlayır” prinsiplərinə sədaqət göstərən insanlar da var. Onlar el-obaya başucalığı gətirdikləri kimi xeyirxah əməlləri ilə də fərqlənirlər. Moskva Xalqlar Dostluğu Universitetində çalışan, professor Hacı Mirəşrəf Fətiyev də belələrindəndir. Bəli, onun varlığına hakim olan Vətən sevgisi doğulduğu yurddan pərvazlanıb, Yardımlı rayonunun Perimbel kəndindən. Bu sevgi bəlkə də yüz illər boyu insanların təşnəsinə sərinlik gətirən, göz yaşı qədər dupduru, bumbuz Göznarı bulağından, bəlkə də kəndi əhatə edən ecazkar, sirli qayalardan, bəlkə də bu kəndin məzarlığında özünə toxtaqlıq tapıb uyuyan Xəlifə Qiyas ağanın nə vaxtsa Allahdan öz gələcək nəsli üçün dilədiyi xeyir-duadan qaynaqlanır, bilmirəm. Fəqət bir şeyi yaxşı bilirəm ki, onun barəsində söylədiklərim içimdən gələn və həqiqət olduğuna zərrəcə şübhəm qalmayan hislərimin ifadəsidir. Və hətta “Yardımlı Xeyriyyə Cəmiyyəti”nin sədri olduğum üçün rayonun kəndlərində həyata keçirilən böyük xeyriyyə işlərindən məlumatlı bir adam kimi də cəsarətlə Hacı Mirəşrəf ağanı bu yurdun ƏN BÖYÜK XEYRİYYƏÇİSİ adlandırmaq qənaitindəyəm. Rayonun kəndlərində ayrı-ayrılıqda məscid tikdirən, körpü saldıran, su xətti çəkdirən və eləcə də irili-xırdalı müxtəlif xeyriyyə işlərini həyata keçirən yurddaşlarımın demək olar ki, böyük əksəriyyətini tanıyıram, ancaq elə bir xeyriyyəçi tanımıram ki, Hacı Mirəşrəf ağanın indiyədək gerçəkləşdirdiyi işlərin kompleksini həyata keçirmiş olsun. Onun xeyirxahlıq missiyası təkcə öz ata-baba yurdu ilə məhdudlaşmır. Yaxşı yadımdadır, bir neçə il bundan öncə Bakı şəhərində Azərbaycan mədəniyyətini Rusiyada uğurla təbliq etdiklərinə görə bir sıra incəsənət adamına mükafatların təqdimat mərasimini təşkil etmişdi. Bundan başqa Rusiyada Azərbacanla bağlı keçirilən müxtəlif tədbirlərin televiziyada göstərilən süjetlərində onun da bu kimi tədbirlərə qatıldığının şahidi olmuşam. Elə bu əməllərinin hesabına da o, DAK-ın idarə heyətinin üzvü, Rusiyada Azərbaycan Milli-Mədəniyyət Muxtariyyatı Federasiyasının viçeprezidenti səviyyəsinədək yüksələ bilib.

Hacı Mirəşrəf ağa haqqında biz hələ çox danışacağıq. Lakin bu yazımı hər adama şamil edə bilmədiyimiz bir cümlə ilə yekunlaşdırmaq istəyirəm: Hacı Mirəşrəf ağa təkcə ata-baba yurdu Yardımlının deyil Azərbaycanın qənimət övladlarından biridir...

Fevralın 7-sində Mirəşrəf Fətiyevin 54 yaşı tamam olur. Ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq...

Elman Eldaroğlu