• 11 Dekabr 2023
logo
Kəlbəcər rayonununun ifrastrukturu əsaslı şəkildə yenidən qurulur

Kəlbəcər rayonununun ifrastrukturu əsaslı şəkildə yenidən qurulur

Artıq iki ildir ki, xalqımız Böyük Zəfərin təntənəsini yaşayır. 27 sentyabr 2020-ci il tarixdən başlayan müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli Ordusu 44 gün ərzində 30 illik həsrətə son qoydu, torpaqlarımızı işğaldan azad etdi. Kəlbəcər rayonu da 2020-ci il noyabr ayının 25 – də işğaldan azad olundu.

Kəlbəcər rayonu Azərbaycanın qədim və özünəməxsus gözəlliyi və təbiəti olan rayonlarındandır. "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.

İnzibati rayon statusu Kəlbəcərə 1930-cu ildə verilib. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv.km təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.

Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.

BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Bu isə hərbi cinayətdir.

1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bunlardan biri də Kəlbəcər rayonu ilə bağlı 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsidir. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.

“İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. Prezident İlham Əliyevin dediklərindən.
Kəlbəcər rayonu bir qüllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Beləliklə Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.

Məlum olduğu kimi müharibədən dərhal sonra bir sıra medallar təsis edildi. Onlardan biri də 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9454 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Bu gün işğaldan azad olunmuş Qarabağ torpaqlarında infrastruktur layihələrinin icrası davam edir. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.
26 iyun 2022-ci il tarixdə Kəlbəcərdə ordu quruculuğunun tərkib hissələrindən biri olan yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir.

Hal – hazırda Kəlbəcərin elektrik və su təchizatı, habelə evlərin tikilməsi ilə bağlı layihələr sürətlə davam etdirilir. Cari ilin 26 iyun tarixində Prezident İlham Əliyevin iştirakı ilə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimi də təşkil olunmuşdur.

Bölgənin təbii gözəlliyini özündə ehtiva edən Kəlbəcər şəhərinin Baş planına uyğun olaraq İlin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Kəlbəcərdə aşıq mərkəzi və digər tikililər də inşa ediləcək.

Xarici şirkətlər tərəfindən Kəlbəcər və Laçın rayonlarında külək elektrik stansiyalarının tikintisi ilə bağlı müraciətlər daxil olunur. Az bir müddətdə ən çətin relyefə malik olan Kəlbəcər dağlarından elektrik xətləri çəkildi. Hazırda “Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyası inşa olunur, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyası isə artıq istifadəyə verilib.
Bu müddət ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevi işğaldan azad olunmuş bölgələrdə həyata keçirilən bərpa işləri ilə yerində tanış olmaq üçün davamlı olaraq səfərlər edir. Kəlbəcər səfərləri:
16.08.2021:
Azərbaycan bayrağının ucaldılması.
Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlqoyma mərasimi.
26.06.2022:
“Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı;
Kəlbəcər rayonunda hərbi hissələrin açılışı;
Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq;
Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi;
Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi;
Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməlqoyma mərasimi;
Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq;
Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimi.

Yaqut Kərimli
55 nömrəli tam orta məktəbin direktoru