• 18 Aprel 2024
logo
Valideyn: Zəlzələ bölgəsindən təxliyə edilən 100-dən artıq tələbə Prezident İlham Əliyevin daim vətəndaşların yanında olduğunu hiss etdi

Valideyn: Zəlzələ bölgəsindən təxliyə edilən 100-dən artıq tələbə Prezident İlham Əliyevin daim vətəndaşların yanında olduğunu hiss etdi

Dövlətin hər an vətəndaşının yanında olmasını hiss etmək, belə çətin gündə daha da qiymətlidir.

Bunu açıqlamasında Türkiyədə zəlzələ zonasından Azərbaycana təxliyə edilən Türkiyənin Elazığ vilayətindəki Fırat Universitetinin tikinti mühəndisliyi fakultəsinin 3-cü kurs tələbəsi, azərbaycanlı tələbə Araz Zamaninin anası Elnarə Kərimova deyib.

O bildirib ki, dövlət onun övladına ən çətin anda yardım edib: "Zəlzələ barədə xəbəri Türkiyə mətbuatından aldığım an dərhal Fırat Universitetində oxuyan oğlum Araz Zamani ilə əlaqəyə cəhd etdim, alınmadı. İnternet, telefon əlaqəsi yaratmaq mümkün deyildi. Xəbərdarlıq edilmişdi ki, telefonları məşğul etməyək, çünki dağıntı altındakı insanlarla əlaqə saxlaya bilmək üçün xətlərin boş olması lazım idi. Türkiyədəki dostlar çətinlikə də olsa əlaqə yaradaraq oğlumun salamat olduğunu dedilər. Daha sonra onun özü ilə də danışdım. O dedi ki, gecədən səhərə qədər azərbaycanlı tələbələrlə birlikdə küçədə qalıblar, mümkün qədər dağıntıdan ziyan çəkənlərə kömək ediblər. Biz övladlarımızı zəlzələ bölgəsindən çıxarmağa çalışırdıq, xüsusilə mətbuat vasitəsilə vəziyyətlə bağlı narahatlığımızı çatdırırdıq. Universitet zəlzələdən dərhal sonra açıqlama yaydı ki, imtahanlar qeyri-müəyyən müddətə təxirə salınır, tələbələr şəhəri tərk etsinlər".

E.Kərimova deyir ki, bütün gün övladının təxliyəsindən narahat qaldığı an şad xəbər eşidib: "Biz problemi necə həll edəcəyimizi düşünərkən yanvarın 25-də məlumat aldıq ki, Prezident İlham Əliyev tələbələrin təxliyəsi ilə bağlı tapşırıq verib. Bir valideyn üçün bundan yaxşı xəbər ola bilməzdi. Həlak olanların üzüntüsünü yaşadığımız bir vaxtda bir tərəfdən də övladlarımızın təhlükəsizliyinin dövlət tərəfindən təmin edildiyini görüb sevindik. Dövlət bir daha öz böyüklüyünü göstərdi. Qısa müddətdə tələbələrin təxliyəsi üçün Azərbaycanın Türkiyədəki Səfirliyi avtobuslar kirayələyib. Elə həmin gün axşam saatlarında tələbələr avtobusla Naxçıvana yola salındı. Övladımla və digər tələbələrlə mütəmadi əlaqə saxlayırdım. Mənə bildirdilər ki, yemək və digər zəruri ehtiyacları ödənilib, səfirlik və digər əlaqədar qurumlar onların təhlükəsiz şəkildə vətənə qaytarılması üçün səfərbər olub. Yol boyu tələbələrlə əlaqə saxlanılıb, ehtiyacları öyrənilib, Naxçıvanda da onları qarşılayıblar, eyni münasibət burada da göstərilib. Daha sonra Prezidentin göstərişinə uyğun olaraq xüsusi təyyarə ilə Bakıya yola salınıblar. Bütün bunlara görə Prezident İlham Əliyevə valideynlər və tələbələr adından təşəkkürümü bildirirəm. Zəlzələ bölgəsindən təxliyə edilən 100-dən artıq tələbə dövlətin diqqət və qayğısını, Prezident İlham Əliyevin daim vətəndaşların yanında olduğunu hiss etdi".