• 22 Fevral 2020
logo
Korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb

Korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri işdən çıxarılıb

2019-cu ildə korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsi rəhbərinin əmək müqaviləsinə xitam verilib. Trend-in məlumatına görə, bunu Təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib. Bir sıra təhsil müəssisələrində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq - mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib. Onun sözlərinə əsasən, ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavininin müqaviləsinə xitam verilib və onlar işdən kənarlaşdırılıb. C.Bayramov əlavə edib ki, müqavilələrinin müddəti başa çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün onların növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib: "Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntularla rastlaşırıq. 2020-ci ildə də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən buna sərt formada ciddi reaksiya veriləcək". Nazir korrupsiya ilə bağlı vətəndaş müraciətlərinə ciddi reaksiya verildiyini də söyləyib.