• 1 Mart 2024
logo
Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib

Xalq yazıçısı Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib

Oktyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı keçirilib.

Qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, Baş nazirin müavini Əli Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər. Qurultaya Azərbaycan Yazıçılar Birliyinin (AYB) dəvəti ilə Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq, AYB-nin üzvləri arasından isə 330-dək nümayəndə qatılıb.

Azərbaycan Yazıçılar Birliyinin bölmələr üzrə hesabat məruzələri tədbirdən əvvəl kitab halında qurultay iştirakçılarına paylanılıb.

Qurultayı AYB-nin sədri, Xalq yazıçısı Anar açıb.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ötən dövr ərzində dünyasını dəyişmiş quruma üzv şair və yazıçıların və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xalq yazıçısı Anar deyib ki, Azərbaycan Yazıçılar Birliyinin Qurultayı 3 il öncə olmalı idi, amma gecikdik. Gecikmənin səbəbi isə pandemiya olub. Buna baxmayaraq, bu müddət ərzində yazıçılar birliyində qurultay səviyyəsində məruzələr dinlənilib və kitab kimi nəşr olunub.

Xalq yazıçısı deyib: “Bu gün Azərbaycan Yazıçıları XIII Qurultayını qalib ölkənin yazıçısı kimi keçirir. Bizə bu qələbəni, tarixi Zəfəri yaşatdığı üçün bütün yazıçılar adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Anar akademik İsa Həbibbəylini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti təsdiq olunması münasibətilə təbrik edib. Bildirib ki, tarixdə ilk dəfədir AYB-nin üzvü AMEA-da belə yüksək vəzifəyə seçilir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, AYB-nin üzvü, akademik İsa Həbibbəyli çıxış edərək yazıçıları təbrik edib.

“Bu qurultay son 30 il ərzində ölkəmizin ərazi bütövlüyü şəraitində keçirilən ilk qurultay kimi ədəbiyyatımızın və müstəqil Azərbaycan dövlətinin tarixində özünəməxsus yer tutacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 30 illik işğaldan sonra Qarabağı azad etməsi çox böyük tarixi hadisədir. Buna görə Prezident İlham Əliyevə yazıçılar kimi alimlər də, ziyalılarımız da dərin minnətdarlıqlarını bildirirlər", - deyə İsa Həbibbəyli vurğulayıb.

Akademik Azərbaycan ədəbiyyatının müstəqillik illərində qazandığı uğurlardan danışıb. Yeni ədəbi cərəyanlar barədə geniş məlumat verib.

Xalqımızın qəlbində azadlıq ruhunun yüksəlməsi yolunda şair və yazıçılarımızın əvəzsiz xidmətləri olduğunu bildirən AMEA-nın prezidenti deyib ki, dövlətimizin başçısı dəfələrlə çıxışında İkinci Qarabağ müharibəsində olan qalibiyyətimizin vətənpərvər ruhda yetişən gənclərimiz sayəsində mümkün olduğunu qeyd edib. Sözsüz ki, bu gənclər də məhz o vətənpərvərlik ruhunu Azərbaycan yazıçılarının əsərlərindən alıblar.

Sonra AYB-nin katibi İlqar Fəhmi qurultayın iştirakçıları adından ölkəmizin başçısına ünvanlanmış müraciəti oxuyub. Müraciətdə Azərbaycan yazıçıları İkinci Qarabağ savaşında qazanılan Zəfərə görə, həmçinin yazıçı və şairlərə göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ediblər.

AYB-nin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edərək qurultayın işinə uğurlar arzulayıb. Qeyd edib ki, tarixi və çox əlamətdar bir gündə qalib xalqın yazıçısı kimi bu qurultayı keçiririk. AYB-də çox gözəl yaradıcılıq mühiti var, yeni layihələr reallaşdırılır və silsilə tədbirlər keçirilir.

Mədəniyyət naziri Anar Kərimov qurultay iştirakçılarını təbrik edərək deyib: “Əziz qurultay nümayəndələri və hörmətli yazıçılar, bu gün tarixi gündür və çox əlamətdar bir dövrdə bu qurultayı keçiririk. Qalib Xalq olaraq bu gün bu mötəbər tədbiri təşkil etdik. Bu münasibətlə hamınızı təbrik edirəm. Əminəm ki, yazıçılarımız öhdələrinə düşən missiyanı lazımınca yerinə yetirərək, cəmiyyətimizə uğurlu töhfələr bəxş edəcəklər”.

Sonra qurultayın katibliyi və seçki komissiyası təsdiqlənib.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı müasir Azərbaycan ədəbiyyatının inkişafı ilə yanaşı, ədəbiyyatımızın qarşısında duran vəzifələrdən, ədəbi mühitin üzləşdiyi problemlərdən və çatışmazlıqlardan, oxucu sayının azalmasından, kitabxanaların mövcud durumundan danışıb.

O, ədəbiyyatımızın milli ruhun diri qalmasındakı mühüm missiyasından söz açaraq bildirib ki, tariximizin bütün dövrlərində milli mübarizəmizin ön sıralarında yazıçılar dayanıb, qələm adamları durub.

Sabir Rüstəmxanlı deyib ki, Qarabağda qazandığımız tarixi Qələbə qələm adamlarının əsərlərində öz əksini tapmalıdır.

Türkiyənin sabiq mədəniyyət naziri, yazıçı Namiq Kamal Zeybək diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi vaxtı ürəyinin yarısı Türkiyədə olsa da, yarısı Azərbaycanda olub: “Birinci Qarabağ müharibəsində Azərbaycan gəncləri əzmlə savaşdılar. Ancaq Zəfər çalmaq üçün ordu olmalıdır. O zaman Azərbaycanın ordusu yox idi. Mən çalışdım Türkiyəni bu mücadiləyə qoşum, ancaq əlimdən gələni etsəm də, buna nail ola bilmədim. Azərbaycan məğlub olsa da, qəhrəmanlığını isbat etmişdi. İkinci Qarabağ müharibəsində Azərbaycan düşmənin üzərinə güclü ordu ilə getdi, azərbaycanlı gənclər bu dəfə də qəhrəmanlıq nümayiş etdirdilər və 30 il davam edən işğala son qoydular”.

Namiq Kamal Zeybək müəllifi olduğu kitabları Xalq yazıçısı Anara təqdim edib. O, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.

Müqtədir söz ustalarını bir məkanda görəndə böyük məmnunluq hissi yaşadığını bildirən Xalq yazıçısı, akademik Kamal Abdulla ədəbiyyatımızın tarixi inkişaf mərhələlərindən danışıb. Bildirib ki, böyük İpək yolu təkcə alış-verişlə bağlı deyil, eyni zamanda kitab yolu kimi xarakterizə olunur. Bunun özü də ədəbiyyata öz töhfələrini verir. Ədəbiyyatımızda ədəbi tənqidə gəlincə isə, ədəbi tənqid yaşadı və sübut etdi ki, ədəbiyyatımızın inkişafında və yaradıcı prosesdə ədəbi tənqidin önəmi böyükdür.

Rusiyanın keçmiş mədəniyyət naziri, görkəmli tənqidçi, ədəbiyyatşünas alim Yevgeni Sibrov dünya ədəbi prosesində baş verən yeniliklərdən söz açıb, xalqların bir-birini tanımasında, onlar arasında dostluğun yaranmasında ayrı-ayrı şəxsiyyətlərin böyük rol oynadığını deyib, Azərbaycanın müasir mədəniyyətinin və ədəbiyyatının yüksək sürətlə inkişaf etdiyini vurğulayıb və qurultayın işinə uğurlar arzulayıb.

Milli Məclisin deputatı, ədəbiyyatşünas alim Jalə Əliyeva vurğulayıb: “Bu gün ədəbiyyatın, sözün bayramıdır. Yazıçıları yer adamından daha çox göy adamı kimi xarakterizə olunur. Mən bir yazar övladı olaraq ədəbiyyat və sənət adamı olmağın məsuliyyət və xoşbəxtliyinin nə olduğunu bilirəm”.

Qeyd edib ki, qələm adamlarımız qazanılan tarixi qələbənin gələcək nəsillərə çatdırılmasında bundan sonra da əzmlə, yorulmadan fəaliyyət göstərməlidirlər.

Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusif Huşk ölkələrimiz arasındakı mövcud dostluq əlaqələrdən danışıb. O, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin konkret layihələr üzrə uğurla davam etdirildiyini söyləyib. Azərbaycan xalqının ədəbi-mədəni pasportu olan “Kitabi-Dədə Qorqud” eposunun Pakistanda urdu dilində nəşr olunduğunu bildirib və kitabı Xalq yazıçısı Anara təqdim edib.

Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar Naxçıvanda ədəbi mühitin inkişafından, yeni yaranan ədəbi nümunələrdən, çap olunun əsərlərdən söz açıb.

Mərasimdə, həmçinin xarici ölkələrin yazıçılar birlik və təşkilatlarının təbrik teleqramları oxunub.

Fasilədən sonra işini davam etdirən Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayında Xalq yazıçısı Elçin Əfəndiyev, Xalq şairləri Ramiz Rövşən, Vahid Əziz, Milli Məclisin deputatları, akademiklər Nizami Cəfərov, Rəfael Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin(AYB) beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu, yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, AYB-nin Gənclər Şurasının sədri Fərid Hüseyn, Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri Sayman Aruz, AYB-nın Türkiyə təmsilçisi, yazıçı-tərcüməçi İmdad Avşar və başqaları Azərbaycan ədəbiyyatının müasir inkişaf mərhələlərindən, mövcud problemlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

AYB tərəfindən ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirən natiqlər bunun uğurlu nəticə verdiyini diqqətə çatdırıblar.

Qurultayda AYB-nin orqanları olan “Azərbaycan”, “Ulduz” və “Literaturnıy Azerbaydjan” jurnalları, “Qobustan” toplusu, “Ədəbiyyat” qəzeti və digər nəşrlər haqqında geniş məlumat verilib. Vurğulanıb ki, bu orqanlarda mütəmadi olaraq Azərbaycan ədəbiyyatının nümunələrinə geniş yer ayrılır.

Qurultayda təşkilati məsələlərə baxılıb.

Xalq yazıçısı Anar Rəsul oğlu Rzayev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

Qurultayda AYB-nin rəhbər strukturu, ağsaqqallar şurası, idarə heyəti və təftiş komissiyası seçilib.

Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar ona yenidən etimad göstərdiklərinə görə qurultay iştirakçılarına minnətdarlığını bildirib.

AYB-nin sədri tədbirin belə yüksək səviyyədə, möhtəşəm şəkildə keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib və vurğulayıb ki, Azərbaycan yazıçısı millətinə, dövlətinə və ədəbiyyata hər zaman sadiqdir və həmişə bu yoldadır.

Bununla da Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı öz işini başa çatdırıb.