• 19 Aprel 2024
logo
Vilayət Eyvazov: 2019-cu ildə 818 cinayətkar qrup zərərsizləşdirilib

Vilayət Eyvazov: 2019-cu ildə 818 cinayətkar qrup zərərsizləşdirilib

Ötən il 818 cinayətkar qrup zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2019-cu ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.

V.Eyvazov «102» Xidmətinə daxil olan məlumatlar üzrə görülmüş operativ cavab tədbirləri ilə 2039 cinayətin «isti izlərlə» açıldığını, 7.556 hüquqazidd əməlin qarşısının alındığını, «Təhlükəsiz şəhər» sisteminin imkanları ilə 575 cinayətin açıldığını vurğulayıb. Həmçinin, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi sahəsində görülmüş tədbirlərlə 3608 nəfərin tutulduğunu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, mütəşəkkil cinayətkarlıqla mübarizə də məqsədyönlü şəkildə həyata keçirilib və hesabat ilində 818 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən bütövlükdə 1 ton 231 kiloqram narkotik vasitə çıxarılıb. Qeyri-qanuni kultivasiya edilən 127 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanları müstəntiqləri tərəfindən aparılıb və vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib.