• 20 Aprel 2024
logo
Təhsil Nazirliyi: “Qaynar xətt”ə edilən 2 müraciəti hüquq-mühafizə orqanları araşdırır

Təhsil Nazirliyi: “Qaynar xətt”ə edilən 2 müraciəti hüquq-mühafizə orqanları araşdırır

Təhsil Nazirliyinin “Qaynar xətt”inə edilən müraciət əsasında nöqsanlara yol vermiş 2 məsul şəxsə töhmət verilib, 2 müraciət əsasında isə toplanmış materiallar əsasında hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin dekabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 33 müraciət daxil olub. Bakı, Sumqayıt, Mingəçevir, Gəncə şəhərləri, Lənkəran, Bərdə, Tovuz, Oğuz, Lerik, Saatlı, Füzuli, Xaçmaz, Gədəbəy və Zəngilan rayon məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Mingəçevir şəhər 7 nömrəli və Lənkəran rayonu Mamusta kənd tam orta məktəblərində təsdiqini tapmış hallar həmin məktəblərin Pedaqoji şuralarının müzakirəsinə çıxarılıb.