Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirlən Vəli Əliyev və Füzuli Nəcəfovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə məhkəmənin baxış iclası iyulun 8-ə təyin edilib.
İttihama görə, bu ilin yanvar ayında Bakıda, metronun “Nizami” stansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq qətlə yetirilib.
Qətli törətməkdə şübhəli bilinən Şirvan şəhər sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuş 1994-cü il təvəllüdlü Vəli Əliyev və 1990-cı il təvəllüdlü Füzuli Nəcəfov Şirvan şəhəri ərazisində saxlanılıblar.
İlkin məlumata görə, hadisəyə tərəflər arasında yaranan mübahisə səbəb olub. Metrodan çıxdıqdan sonra onların mübahisəsi əlbəyaxa davaya çevrilib. Həmin şəxslər Emini ürək nahiyəsindən bıçaqla vurublar.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.