• 6 Noyabr 2024
logo
Biləsuvar ərazisində sərhəd pozuntusu - Havaya atəş açıldı

Biləsuvar ərazisində sərhəd pozuntusu - Havaya atəş açıldı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-qoşun tədbirləri davam edir.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, cari ilin 20 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Biləsuvar rayonunun Ağalı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən 2 nəfər naməlum şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qar­şı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb, lakin sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq havanın qaranlıq və ərazinin kolluq olmasından istifadə edərək geriyə qaçıblar. Həmin ərazi dərhal qapadılaraq axtarış təd­birləri keçi­ril­miş, nəticədə 2 ədəd çanta içərisində ümumi çəkisi 13 kq narkotik vasitə (1 kq 355 q “marixuana”,6 kq “heroin”, 4 kq 265 q “metamfetamin”, 1 kq 340 q “tiryək” və 990 ədəd “Preqabalin - 150”, 300 ədəd “Tramadol FM-40” markalı həbb) aşkar olunaraq götürül­üb.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əmək­daşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbir­ləri nəticəsində 4 nəfər Biləsuvar rayonunun Zəhmətabad kənd sakini şübhəli şəxs qismində saxlanılıblar.

23 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Züngüləş kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Res­publikası istiqamətində qaçaqmalçılar tərəfindən dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınmışdır. Nəticədə hadisə yerində 24 kq 765 q narkotik vasitə (4 kq 065 q “heroin”, 20 kq 700 q “tiryək”) aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.