Azərbaycanda ölkə üzrə dağlıq və dağəyi rayonlarda şaxtalı günlərin, o cümlədən qarlı günlərin sayının azalması müşahidə edilir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, ölkə üzrə 1992-2019-cu illər üzrə olan gündəlik məlumatlar təhlil edilib.
"Climpact modeli"nə əsasən, göstərilən dövr ərzində Böyük və Kiçik Qafqazda şaxtalı, qarlı günlərin sayının azaldığı müəyyən edilib.
U.Tağıyeva əlavə edib ki, xüsusilə Şəki-Zaqatala bölgəsində, Qəbələdə, Kiçik Qafqazda Daşkəsən-Gədəbəy zonasında şaxtalı, qarlı günlərin sayı azalıb.
U.Tağıyeva bildirib ki, ötən dövr ərzində ölkə ərazisində yağıntıların da miqdarı azalıb. Son 30 ildə yağıntıların ən çox azalması qərb bölgəsində müşahidə olunub. Amma ölkənin sahilyanı ərazilərində yağıntıların miqdarında cüzi artım baş verib.
Departament direktoru qeyd edib ki, şaxtalı, qarlı günlərin sayının azalması ölkənin dağlıq ərazilərində dağ çaylarını qidalandıran qar ehtiyatının azalması deməkdir. Son 10 ildə ölkədə əsas dağ çaylarının formalaşdığı ərazilərdə yağıntıların miqdarı orta hesabla 8,7 faiz azalıb.
Azərbaycanda əhalinin qışın mülayim keçməsinə öyrəşdiyini deyən U.Tağıyeva Bakıda 0 dərəcədən aşağı temperaturun qeydə alındığı günlərin sayının az olduğunu da söyləyib.