• 5 Dekabr 2020
logo
Yeni ilan növü aşkarlandı - Azərbaycanda da rast gəlinir

Yeni ilan növü aşkarlandı - Azərbaycanda da rast gəlinir

Azərbaycan alimlərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat nəticəsində elm üçün yeni olan ilan növü aşkarlanıb.

Bu barədə Trend-ə tədqiqatda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova məlumat verib.

Onun sözlərinə görə, beş il davam edən tədqiqat Azərbaycan, Polşa, Ukrayna, Türkiyə və Rusiya alimlərinin birgə iştirakı ilə aparılıb. Tədqiqat nəticəsində Elaphe sauromates növünün elm üçün yeni olduğu aşkarlanıb:

“Tədqiqat zamanı morfoloji və genetik materiallardan istifadə olunaraq Elaphe sauromates növünün zoocoğrafiyası tədqiq olunub. Nəticədə bu taksonun iki fərqli təkamül xəttinə ayrıldığı və xətlərdən birinin tamamilə yeni kriptik təkamül xətti olunduğu müəyyən edilib. Bu kriptik növün Elaphe sauromates növü ilə birlikdə Miosen-Pliosen sərhədində əcdad növdən ayrıldığı müəyyən edilib. Başqa sözlə, bu ilanın meydana çıxma dövrü milyon illər qabaq olub”.

S.Bünyatova qeyd edib ki, yeni ilan növünün yayılma arealı Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, İran, İraq və Dağıstanı əhatə edir. İlanın ümumi uzunluğu 120 sm, bədən uzunluğu 100 sm, quyruq uzunluğu 20 sm-ə qədərdir: “İlanın bədəni üstdən açıq sarı və ya parlaq sarı rəngdədir. Bədən boyunca 50-65 ədəd qəhvəyi və ya qaramtıl dairəvi xallar yerləşir. Başı üstdən tünd rəngli olduğundan naxışları aydın seçilmir”.