• 27 May 2022
logo
YAP Xətai rayon təşkilatının daha bir ərazi partiya təşkilatı yaradıldı

YAP Xətai rayon təşkilatının daha bir ərazi partiya təşkilatı yaradıldı - FOTO

Proqramında müstəqillik, dövlətçilik, qanunçuluq, azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplər müəyyən edilən Yeni Azərbaycan Partiyasının üzvlərinin, o cümlədən ərazi partiya təşkilatlarının sayı gündən-günə artır. Bu, təbii ki, xalqın partiyaya olan inamının və etibarının göstəricisidir.

Aprelin 14-də YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının sırasına daha biri də əlavə olunub. Belə ki, Süleyman Vəzirov 142 ünvanında yeni ərazi partiya təşkilatı yaradılıb.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veyisova diqqəti Azərbaycanın beynəlxalq səviyyədə qazandığı uğurlara yönəldərək bildirib ki, bu gün respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada siyasi sabitlik, tərəqqi, qlobal təşəbbüslər məkanı, güclü, dayanıqlı iqtisadiyyatı olan və tolerant ölkə kimi tanınır: “Dövlət başçısının milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasi kursu sayəsində böyük nüfuz qazanan Azərbaycan dünyada etibarlı tərəfdaş kimi mövqeyini gündən-günə möhkəmləndirir”.

Çıxışının əvvəlində yeni yaradılan ərazi partiya təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə cəmiyyətdə partiyanın artan nüfuzundan, onun Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olmasından ətraflı bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizin bütün sahələri dirçəldi, inkişaf etdi: “Azərbaycanın daxilində baş verənlər- əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələr, qəbul onunan proqramlar, imzalanan fərmanlar, sərəncamlar, siyasi sabitlik ölkəmizin dünya birliyindəki yerini möhkəmlətdi. Bütün söylənilənlər heç şübhəsiz ki, partiyamıza da böyük nüfuz qazandırdı”.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, xalq-iqtidar birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir: “2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsi ilə Prezident seçilən cənab İlham Əliyev müasir dövlət quruculuğunu daxili siyasətinin prioriteti elan etdi. Dövlət başçısı ölkənin ümumi inkişaf strategiyasını müasir dövrün tələblərinə məharətlə və əsaslı şəkildə uyğunlaşdıraraq praktikada uğurla həyata keçirdi. Əlbəttə, ötən illərin hər bir günü ölkəmiz və bölgəmiz üçün həlledici idi. Xüsusilə də son illərdə respublikamızın həyatında bir çox vacib hadisələr baş verdi. Təbii ki, bunların arasında ən möhtəşəmi 30 il düşmən tapdağı altında olan torpaqlarımızın yağı düşməndən təmizlənərək ərazi bütövlüyümüzün bərpa edilməsi oldu. Vətən müharibəsində qazanılan parlaq Qələbə tarixi ədaləti bərpa etdi”.

V. Rəhimzadə vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi partiyada təmsil olunmaq hər bir üzv üçün böyük qürurdur.

Sonra təşkilati məsələyə baxılıb. Aygün Məcidova Süleyman Vəzirov 142 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Pərvinə Qədimova isə sədr müavini seçiliblər.