İsmayıllı rayonunda torpaq uçqunu baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, son bir ayda rayona yağan qar və yağış səbəbindən İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində torpaq uçqunu baş verib. Hündür dağlardan gələn torpaq və daşlar avtomobil yoluna tökülüb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb. Yolun açılması üçün hazırda əraziyə ağır texnikalar cəlb olunub. Bir saatdan çoxdur ki, yolun bağlı qalması səbəbindən avtomobillərin Lahıc, Sərdahar, Müdrüsə, Əhən, Burovdal, Vaşa, Yuxarı Zərnava, Namazgah, Güyüm kəndlərinə gediş-gəlişi dayanıb, sürücülər yolun açılmasını gözləyir.