• 27 May 2022
logo
Londonda Azərbaycan-Birləşmiş Krallıq diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib

Londonda Azərbaycan-Birləşmiş Krallıq diplomatik münasibətlərinin 30 illiyi qeyd edilib - FOTO

Azərbaycan və Birləşmiş Krallıq arasında diplomatik münasibətlərin 30 illiyi çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olaraq 7 aprel tarixində Azərbaycanın Londondakı Səfirliyində Mühafizəkarlar Partiyasına bağlı Xarici Siyasət Məsələləri Şurasının (Şura) üzvlərinin iştirakı ilə tədbir keçirlmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, “Azərbaycan-Birləşmiş Krallıq: diplomatk münasibətlərin 30 illiyinin və möhkəm əməkdaşlığın qeyd edilməsi” başlığı altında keçirilmiş tədbirdə adıçəkilən Şuranın rəhbərliyi və 40-a yaxın üzvü iştirak etmiş, tədbirdə səfir Elin Süleymanov və Şuranın himayədarlarından olan, Birləşmiş Krallığın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson çıxış edib.

Səfir Elin Süleymanov qonaqları salamlayaraq, Səfirlik və Şura arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, ölkələrimiz arasında son 30 il ərzində təsis edilmiş çoxşaxəli və dinamik əməkdaşlığın daha da dərinləşdirmək əzmini ifadə etmişdir. Azərbaycan və Birləşmiş Krallıq arasında enerji əməkdaşlığı başda olmaqla beynəlxalq təhlükəsizlik, iqtisadi-ticarət, humanitar-təhsil sahələrində faydalı əməkdaşlığın mövcudluğundan məmnunluğunu diqqətə çatdırmış, hər iki ölkənin xüsusilə enerji sahəsində səmərəli əməkdaşlığının regionun enerji mənzərəsini dəyişdiyini vurğulayıb.

Baronessa Nikolson mart ayında diplomatik münasibətlərin 30 illiyi münasibətilə Azərbaycana faydalı səfər etdiyini qeyd edərək, son 30 ildə ölkələrimiz arasında sağlam, sarsılmaz və möhkəm tərəfdaşlığın qurulduğunu qeyd etmişdir. O Azərbaycanın beynəlxalq rolunun artmasında və Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin möhkəmlənməsində Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi rolunu vurğulamışdır. Azərbaycan və Birləşmiş Krallıq münasibətlərinin özünün sabitliyi ilə fərqləndiyini, ölkəmizin təşəbbüsü ilə reallaşdırılmış enerji layihələrinin əhəmiyyətinin daha da artdığını qeyd etmişdir. Yeni qurulmuş Azərbaycan-Britaniya Ticarət Palatasının ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın dərinləşməsində rol oynayacağını nəzərə çatdırmışdır.

O, hazırda Ukraynadakı vəziyyətin yaratdığı yeni şəraitdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin əhəmiyyətinin artdığını nəzərə çatdırmışdır. Baronessa Nikolson Azərbaycanın dostu olduğunu və ölkəmizin zəngin mədəni irsinə və incəsənətinə olan heyranlığını diqqətə çatdırmışdır.

Çıxışların ardınca Şura üzvlərinin Azərbaycan və Birləşmiş Krallıq arasında ikitərəfli əməkdaşlıq, iqtisadi imkanlar, təhsil, regional məsələlər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması imkanları ilə bağlı sualları cavablandırılmışdır.

Mühafizəkarlar Partiyasına bağlı olan Xarici Siyasət Məsələləri Şurası beynəlxalq və xarici siyasət məsələlərinə maraq göstərən mühafizəkarları bir araya gətirən platforma kimi fəaliyyət göstərir. Şuranın himayədarlar şurasında Mühafizəkarlar partiyasının sabiq nüfuzlu nümayəndələri, o cümlədən baş nazirlər, xarici işlər nazirləri və tanınmış siyasi xadimlər təmsil olunur.