• 27 Noyabr 2020
logo
40 yaşın mübarək, Emin!

40 yaşın mübarək, Emin!

Yaradan ondan heç nəyi əsirgəməyib- var-dövlət, imkan, şərait, milyonlarla insanın arzusunda olduğu təmtəraqlı zadəgan həyatı, bir də istedad. Bəlkə də yer üzündə elə bir məmləkət qalmayıb ki, orada olmasın, bəlkə də dünyanın elə bir səfası yoxdur ki, ondan dadmasın. Bütün bunlar heç vaxt onu çaşdırmayıb, əksinə, daha böyük işlər görməyə ruhlandırıb. O qədər xeyirxah əməlləri var ki, dəqiq siyahısını Allahdan başqa bilən olmaz...
Deyir ki,- “Müslüm Maqomayev atamın dostlarından biri idi. Uşaq olarkən tez-tez onun qonağı olurduq. Yeniyetməlik yaşlarımda o, royal arxasına əyləşərək məni çağırır, mahnı ifa etməyimi xahiş edirdi. Mən də yanaqlarım qızararaq oxuyardım. Doğrudur, Müslüm Maqomayevin qarşısında ağzımı açmağa utanardım. Amma biz təklikdə qalanda əmin edirdi ki, mənə oxumaq lazımdır: “Sən oxumalısan. Onsuz da sən bunsuz yaşaya bilməyəcəksən”. O, haqlı imiş. 10 yaşım olanda isə anam mənə Elvis Preslinin kasetini hədiyyə etdi. Dinlədim, çox xoşuma gəldi. Və mən onun konsert kasetlərini əldə etməyə, onun haqqında məlumat toplamağa başladım. Elvis Preslinin şəxsiyyəti məni valeh etdi. Hətta 14 yaşımda zahirən ona bənzəmək üçün bakenbordlarımı uzatmağa başladım. Amma bu məndə gülünc göründüyündən, onları tamamilə qırxdım”...
Bəli, o, öz xoşbəxtliyini var-dövlətdə deyil, məhz istedadında tapıb. İlk dəfə 17 yaşında olarkən dostları ilə hansısa kiçik bir kafedə səhnəyə çıxıb. O vaxt ona desəydilər ki, illər sonra çoxminlik tamaşaçı kütləsini bir araya yığa biləcək, bəlkə də inanmazdı. Bu gün onun konsertlərinə on minlərlə insan gəlir. “Səhnə mənim adrenalinimdir”- söyləyir...
13 yaşında olarkən orta təhsilini davam etdirməkdən ötrü atası onu İsveçrəyə göndərib. Oxuduğu qapalı məktəbdə ciddi nizam-ntizam olduğu üçün oranı gestapoya bənzədir. Bəlkə də onun şəxsiyyət kimi formalaşmasında həmin məktəbin rolu böyük olub...
Haqqında söhbət açdığım Emin Ağalarov 1979-cu ildə Bakıda dünyaya gəlib. 4 yaşında olarkən valideynləri ilə Moskvaya köçüblər. Orta təhsilini İsveçrədə, ali təhsilini isə ABŞ-da başa vurub. Rusiyanın ən zəngin iş adamlarından biridir. Bununla yanaşı bəstəkar, müğənni kimi də məşhurdur. 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Ondan çox musiqili albomun müəllifidir...
Azərbaycanı çox sevir. Bakıda doğulduğundan, azərbaycanlı olduğundan qürur hissi keçirir. Bu sevgi onu tez-tez vətəndə olmağa vadar edir. Avropa, Rusiya, Ukraynada keçirdiyi konserlərdən, Bakıda təşkil etdiyi musiqi festivallarına daha çox önəm verir...
İntellektual, həssas, maraqlı, mehriban insandır. Xoş niyyətli və söhbətcildir. Daim hərəkətdə olmağı xoşlayır. Dostluqda sədaqətli, yoldaşlıqda etibarlıdır. Düşündüklərini dilə gətirməyi bacarır. Açıq danışmaqdan, sözün düzünü söyləməkdən çəkinmir. Narahatlıq, həyəcan ona yaddır. Hər bir çətin vəziyyətdən çıxmaq üçün hissiyyat, istedad və təxəyyülü var. Bütün hallarda simasından təbəssüm əskik olmur. Romantik, məcara dolu səyahətlərdən zövq alır...
Dekabrın 12-də onun 40 yaşı tamam olacaq. Onu bu münasibətlə təbrik edir, ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.

Elman Eldaroğlu,