Peskov Buçadakı vəziyyətlə bağlı Rusiya Federasiyasına qarşı ittihamları səhnələşdirilmiş və faciəvi şou adlandırıb.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Rusiya tərəfinə, Rusiya ordusuna qarşı hər hansı ittihamların əsassız olmasında təkid etdiklərini söyləyib: “Bu, yaxşı qurulmuş şoudur. Başqa heç nə. Faciəvi şoudur".
Peskov vurğulayıb ki, hadisələrin bütün gedişatı, çoxlu sayda məlumatlar, faktalogiya və digər parametrlər bunun saxtakarlıq olduğunu açıq şəkildə göstərir:
"Bu, Rusiya ordusunu ləkələməyə çalışmaq məqsədi ilə edilən saxtakarlıqdır. Bu alınmayacaq".
Peskovdan Ukrayna prezidentinin müşaviri Oleksiy Arestoviçin Makarov və Borodyanka qəsəbələrində vəziyyətin Buça və Mariupoldakından da pis ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirmək istənilib. Bundan əlavə, Ukraynanın baş prokuroru İrina Venediktovanın Borodyankadakı vəziyyətin qurbanların sayına görə ən pis olduğu barədə açıqlamalarına və Rusiya hərbçiləri tərəfindən tərk edildiyi iddia edilən kütləvi məzarlıqlarla bağlı yeni kadrların ortaya çıxmasına münasibət bildirməsi xahiş olunub:
"Siz artıq Müdafiə Nazirliyinin nümayəndələrinin Buçada baş verənlərə oxşar növbəti səhnə çəkilişlərinin mümkün olması ilə bağlı açıqlamalarını eşitmisiniz, ona görə də bunu istisna etmək olmaz. Amma biz hər dəfə israrla nəyin həqiqət, nəyin uydurma olduğu barədə danışacağıq”, – deyə Peskov müvafiq suallara cavabında deyib.