Prezident İlham Əliyev “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
Bu Qayda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini alması və satmaq öhdəliyi ilə kirayəyə verməsi ilə bağlı ümumi məsələləri müəyyən edir.
İndiyə qədər kirayə müqaviləsi bağlanıldıqdan sonra alış qiymətinin tam ödənişi 3 ildən tez həyata keçirilməməli idi. Bu məhdudiyyət ləğv edilir. Bundan sonra kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi tərəfindən alış qiymətinin vaxtından əvvəl tam və ya qismən ödənişi həyata keçirilə bilər.
İndiyə qədər kirayə müqaviləsi bağlanıldıqdan sonra kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməli idi. Dəyişikliyə əsasən, artıq “kirayə müqaviləsi bağlanıldıqdan sonra” sözləri də çıxarılır. Beləliklə, kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan ödəməlidir.
Fərmana əsasən, kirayə müqaviləsinin rəsmiləşdirilməsi də dəyişib.
Dəyişikliyə əsasən, müraciətlər növbəlilik əsasında qeydiyyata alınır və baxılır. Elektron sistem vasitəsilə müraciət edən şəxsə qeydiyyat nömrəsi verilir və görüş vaxtı təyin edilir. Təyin edilmiş vaxtda görüşə gəlməyən şəxsin növbəsi ləğv edilir. Müraciət edən şəxs öz müraciətində Fondun elektron sistemdə yerləşdirərək satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrindən birinin ünvanını qeyd etməlidir.
Kirayəçi bu Qaydaya əsasən aylıq ödənişin ən azı 12 mislini qabaqcadan kirayə müqaviləsi notariat qaydasında təsdiq edilərkən Fondun hesabına ödəyir.
Müraciət edən şəxs bu Qaydada nəzərdə tutulmuş müddətə riayət etmədikdə, kirayə müqaviləsinin bağlanmasından elektron sistem vasitəsilə avtomatik şəkildə imtina ediləcək.
Kirayəçinin bu Qaydada nəzərdə tutulmuş qaydada yaşayış sahəsini təhvil almadığı hal istisna olmaqla, Fonda ödənilmiş aylıq ödənişləri geri qaytarılmır və Fondun gəliri hesab olunur.