• 6 Dekabr 2024
logo
Şuşada hərbçinin həlak olduğu yol qəzasına görə cinayət işi açılıb

Şuşada hərbçinin həlak olduğu yol qəzasına görə cinayət işi açılıb

Ötən gün Şuşada hərbi qulluqçunun həlak olduğu yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Xəbərə görə, daxil olan sözügedən məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir", - deyə F. Əliyev qeyd edib.
Qeyd edək ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.