• 21 İyul 2019
logo
add image
Sabiq deputatın oğlunun məhkəməsində şahid: Kompüterlər DİM-ə verilməyib

Sabiq deputatın oğlunun məhkəməsində şahid: Kompüterlər DİM-ə verilməyib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elvin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin keçmiş iş yoldaşı Nail Seyfullayev qeyd edib ki, digər işçilər kimi Elvinin də imzası ilə anbardan mal çıxarılıb, amma malın hara, kimə, neçəyə satılmasından xəbəri yoxdur.
Məhkəmədə ifadə verən şirkətin digər əməkdaşları - Samir Aşımov və Tofiq Məmmədov isə bildiriblər ki, Dövlət İmtahan Mərkəzinə (DİM) göndərilən mallar ünvanına çatmayıb. Belə ki, DİM-ə göndərilən kompüter avadanlıqlarının pulu şirkətə ödənilməyib. Şirkət iddia edir ki, DİM-ə göndərmək adı ilə çıxarılan mallar başqa şəxslərə satılıb. Bu məsələ ilə bağlı qalmaqal başlayan zaman Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə şirkət rəhbərliyi arasında telefon danışığı olub. Məlum olub ki, kompüter avadanlıqları DİM-ə yox, başqa bir quruma göndərilib.
Proses iyulun 2-də davam edəcək.
Elvin Məmmdov həbs edilənə qədər kompüter avadanlıqlarının satışını həyata keçirən "Happy Baku" MMC-də işləyib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddələri ilə ittiham qaldırılıb.
Qeyd edək ki, Elvin Məmmədov sabiq deputat Dünyamalı Məmmədovun oğludur. Dünyamalı Məmmədov 1995-ci ildə 96 saylı Cəlilabad seçki dairəsindən deputat seçilib.