• 8 Dekabr 2024
logo
“Elektron prokurorluq” haqqında Əsasnamə təsdiqlənib

“Elektron prokurorluq” haqqında Əsasnamə təsdiqlənib

“Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, “Elektron prokurorluq” informasiya sisteminin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilib ki, “Elektron prokurorluq” informasiya sisteminin formalaşdırılması və aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsün.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinə tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Kredit Bürosuna tövsiyə edilib ki, Fərmanda təsdiq edilmiş “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”nin 11.2-ci və 11.3-cü bəndlərində nəzərdə tutulmuş məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsini təmin etmək məqsədilə altı ay müddətində zəruri tədbirlər görsünlər və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, “Elektron prokurorluq” informasiya sisteminin “Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görülməlidir.
Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilib və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə tapşırılıb ki, “Elektron prokurorluq” informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün birgə zəruri tədbirlər görsünlər.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.