• 8 Dekabr 2024
logo
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının xatirəsi anılıb

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki rəsmi nümayəndəliyi, “İsraildə Azərbaycan Evi”, “İRS-Heritage” jurnalı və “PASHA Life” şirkəti Təl-Əvivdə XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini anma gününü qeyd ediblər.
Bununla yanaşı, “İRS” jurnalının İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük qələbəsinə həsr olunan ivrit dilində nömrəsi, həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, “PASHA Life” şirkətinin və Azərbaycan Hava Yollarının dəstəyi ilə nəşr edilmiş “Qarabağın qara kitabı” adlı kitabın xarici ölkədə ilk təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İsrailin siyasi partiyalarının nümayəndələri, Holon şəhəri merinin birinci müavini Mixail Sutovski, Ariel Universitetinin professoru Kirill Feferman, israilli siyasi texnoloq Roman Qureviç, İsraildə yaşayan azərbaycanlı rejissor və “Ağrı” romanının həmmüəllifi Əmir Qut, israilli riyaziyyatçı, Keu pedaqoji institutunun professoru Mark Appelbaum, israilli tibb işçisi Fərid Appelbaum, İsrail KİV-lərinin təmsilçiləri, Türkiyə Respublikasının İsraildə diplomatik korpusu tam heyətdə, həmçinin İsrailin vaxtilə Azərbaycanda yaşamış çoxsaylı icması iştirak edib.
Tədbir İsrail Dövlətinin və Azərbaycan Respublikasının himnlərinin səslənməsi ilə başlayıb.
Sonra tədbir iştirakçıları erməni silahlı qüvvələri tərəfindən Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımının günahsız qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərin xatirəsini anıblar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin və “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qut tədbiri açaraq, Xocalıda baş vermiş dəhşətli faciədən 30 il keçdiyini vurğulayıb.
“Bütün bu illər ərzində biz İsraildə bu dərdə şərik olaraq, əsl informasiya müharibəsi ilə məşğul olmuşuq, Azərbaycan barədə həqiqətləri yaymağa çalışmışıq. Biz Holokostu görmüş bir xalqıq, ona görə Azərbaycan xalqının ağrı-acısını yaxşı başa düşürük.
Yaddan çıxarmamalıyıq ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Mən İsrail KİV-lərinin təmsilçiləri ilə birlikdə artıq işğaldan azad edilmiş ərazilərdə olmuşam. Ermənilərin Qarabağda vandalizm və urbisidlə məşğul olaraq törətdikləri dağıntılar bir İsrail vətəndaşı kimi məni şok vəziyyətinə saldı. Sanki bu torpaqlardan dəhşətli və amansız taun xəstəliyi keçmişdi. Biz orada bircə dənə də olsa salamat qalmış bina görmədik – nə ev, nə məktəb, nə kitabxana, nə muzey qalmışdı. Qəbiristanlıq, məscidlər, kilsələr xarabalıqlara çevrilmişdi”, - deyən tədbirin moderatoru Arye Qut Xocalı soyqırımı barədə sənədli təqdimatı iştirakçıların diqqətinə çatdırdı.
“İRS-Heritage” jurnalının baş redaktoru Musa Mərcanlı 16 dildə nəşr olunan layihə üzərində ətraflı dayandı. O dedi: “Jurnalın 17-ci dildə - ivrit dilində buraxılışının xüsusiliyi ondadır ki, Azərbaycanın İsraildə diplomatik nümayəndəliyi yoxdur, lakin buna baxmayaraq, jurnal ən yüksək keyfiyyətdə işıq üzü görür. Bu gözəl ölkədə beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert, İsrailin və Azərbaycanın böyük vətənpərvəri Arye Qut kimi yaxşı peşəkarlar var. Biz bunu etdik və İsrail-Azərbaycan strateji münasibətlər formatı çərçivəsində belə səviyyədə jurnal ilk dəfədir nəşr olunur”.
Xocalı faciəsi qurbanlarını anma günündə çıxış edən “PASHA Life” şirkətinin idarə heyətinin sədri Niyaz İsmayılov vurğulayıb ki, səfərin əsas məqsədi 30 il bundan əvvəl baş vermiş hadisələri düzgün işıqlandırmaqdır. O deyib: “Bu, həm də “İRS” nəşriyyatı ilə birgə dərc edilmiş kitabın rəsmi təqdimat mərasimidir. Əslində, bu iki missiya bir-biri ilə çox güclü qarşılıqlı əlaqəlidir. Düz 30 il bundan əvvəl, 1992-ci il fevralın 26-da soyuq bir gecədə erməni silahlı qüvvələri Xocalıda soyqırımı aktı törədiblər. Bu soyqırımı aktı indiyədək Azərbaycan xalqının qəlbində ağır yara və dərddir. Burada olarkən qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında dost və strateji münasibətlər inkişaf edir və möhkəmlənir. Biz İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyə görə İsrail Dövlətinə çox minnətdarıq”.
N.İsmayılovun sözlərinə görə, “Qarabağın qara kitabı” Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsinə və Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın ən yeni tarixinə həsr edilib, “PASHA Life” və “İRS” nəşrlər evinin 2013-cü ildən başlayaraq, “İrs” layihələr silsiləsi çərçivəsində yaradılıb.
İsrail Knessetinin deputatı, İsrail parlamentində İsrail-Azərbaycan dostluq komissiyasının rəhbəri Elina Bardaç-Yalova anma tədbirində çıxış edərək Azərbaycan xalqına başsağlığı verib.
O deyib: “Xocalıda bu soyqırımı aktı XX əsrin sonunun ən dəhşətli tarixi səhifəsidir. Qorxulu Holokostu yaşayan yəhudilər sizi hamıdan yaxşı başa düşür. Biz dinc əhalisinin, o cümlədən qocaların, qadınların və uşaqların yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilməsi ilə üzləşmiş Azərbaycan xalqının dərdini bölüşürük.
“İrs” jurnalının ivrit dilində nəşrinin təşəbbüskarı və təşkilatçısının “İsraildəki Azərbaycan Evi” olması çox əlamətdar faktdır. Bu, ondan ötrü yaxşıdır ki, israillilər Azərbaycan barədə, onun geosiyasi əhatəsi, Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında yəhudilərin əhəmiyyətli rolu haqda, Azərbaycanda turizm üçün gözəl potensialın olması barədə daha çox məlumat toplasınlar”.
Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun rəhbəri Anatoli Rafailov tədbirdə çıxış edərək deyib: “2022-ci il yanvarın 27-də Azərbaycanda Holokost qurbanlarının xatirəsi anıldı və düz bir aydan sonra biz İsraildə Xocalı qurbanlarını anma mərasiminə toplaşmışıq. Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı XX əsr ərzində erməni millətçiləri tərəfindən bir neçə dəfə soyqırımına məruz qalıb. Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər hərbçilər tərəfindən aparılan 44 günlük hərbi əməliyyatlar zamanı ölkəmiz öz ərazi bütövlüyünü bərpa etdi. Lakin Birinci Qarabağ müharibəsinin gedişində Xocalıda və digər yaşayış məntəqələrində soyqırımı törədən Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusu hər iki Qarabağ müharibəsinin heç birində dinc əhaliyə atəş açmayıb. Azərbaycanlılar deyirdilər: “Biz onlar deyilik”.
XXI əsrin astanasında baş verən dəhşətli soyqırımı aktı bəşəriyyətin hələ də qarşılaşdığı təhlükəyə əyani nümunədir. Faciədə əli olanların cəzalandırılmaması gələcəkdə buna bənzər fəlakətlərin təkrarlanmasına gətirib çıxara bilər”.
Sonra beynəlxalq münasibətlər sahəsində ekspert, ravvin Mixael Finkel qeyd edib ki, bütün dünyanın Xocalı soyqırımı barədə məlumatlı olması üçün mümkün olan hər şey edilməlidir. O deyib: “Mən belə böyük tədbirin təşkilinə görə dostum Arye Quta, “İsraildə Azərbaycan Evi”nə və Azərbaycandan gəlmiş bütün dostlara minnətdarlığımı bildirirəm. Erməni başkəsənləri və neonasistləri tərəfindən 600-dən çox insanın qətlə yetirildiyi Xocalı soyqırımı qurbanlarını anma mərasimində bu gün sizinlə bərabər iştirak etmək mənim üçün şərəfdir. İnsanların əksəriyyəti hər şeyi ataraq qaçırdılar. Terrorçular qocaları, qadınları və uşaqları amansızcasına öldürür, onların gözlərinə siqaret kötüklərini basırdılar”.
“İsraildə Azərbaycan Evi”nin rəhbəri Şirin Nexamiyə Mixaeli Azərbaycan xalqının tarixində faciəli gün ilə əlaqədar başsağlığı verib. O deyib: “Bizim təşkilat Azərbaycanda bütün strukturlarla, o cümlədən Diasporla İş üzrə Dövlət Komitəsi ilə fəal işləyir. Biz dostlarımız “İRS-Heritage” jurnalına və “PASHA Life” şirkətinə əsl dəstəyə görə minnətdarlığımızı bildiririk. Mən Azərbaycan xalqının dağ yəhudisi mənşəli oğluyam və bəyan edirəm ki, biz 1992-ci ildə şahid olduğumuz vəhşilikləri heç vaxt yaddan çıxarmayacağıq.
Biz, vaxtilə Azərbaycanda yaşamış dağ yəhudiləri o faktla da fəxr edirik ki, işğalçı daşnaklara qarşı bu müharibədə müstəqil Azərbaycanın ilk Milli qəhrəmanlarından biri Albert Aqarunov olub. Onun qəhrəmanlığı Azərbaycan və yəhudi xalqlarının igidliyini bir daha göstərdi”.
Tədbirin sonunda ravvin Mixael Finkel Azərbaycanın Xocalı şəhərində soyqırımı aktının qurbanlarının xatirəsinə yəhudilərin “Kadiş” duasını oxuyub.