Respublika Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi, baş ədliyyə müşaviri Emil Tağıyevin APA-ya müsahibəsi
- Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımından 30 il keçir. İlk olaraq ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamlarla bağlı Hərbi Prokurorluqda aparılan araşdırmalar barədə məlumat verməyinizi istərdim.
- Əsrlər boyu ən ağır cinayətlərə əl atan erməni millətçiləri öz çirkin niyyətlərinə nail olmaq məqsədilə millətçiliyi, şovinizmi, qonşu türk xalqına nifrət ideologiyasını rəhbər tutaraq, azərbaycanlılara qarşı sistemli, planlı şəkildə vəhşiliklər törədib. Mərhələli olaraq müxtəlif vasitələrlə 10 minlərlə km2 Azərbaycan ərazisinin zəbt olunmasına, 100 minlərlə azərbaycanlının öz doğma torpaqlarından deportasiya olunmasına və zəbt olunmuş torpaqlarımızda süni yollarla müxtəlif ərazi vahidlərinin, o cümlədən erməni dövlətinin yaradılmasına nail olublar. İki əsrdən artıq bir müddətdə türk millətinə qarşı terrorçu fəaliyyətini həyata keçirən erməni millətçilərinin əsas məqsədi Türkiyənin Anadolu, Azərbaycanın Naxçıvan və Qarabağ bölgələri, İranın şimal əraziləri (Güney Azərbaycan), yəni sırf türk torpaqları hesabına “Böyük Ermənistan dövləti”nin yaradılması olub.
Tarixə nəzər salsaq görürük ki, 19-cu əsrə qədər Qafqazda ermənilərin hər hansı bir yaşayış məntəqəsi və ya ərazi vahidi mövcud deyildir. Lakin, 19-cu əsrin əvvəllərindən başlayaraq, Rusiya imperiyası tərəfindən yürüdülən etnik təmizləmə siyasəti nəticəsində Qacarlar İranından və Osmanlı imperiyasından yüz minlərlə erməni bizim doğma torpaqlarımıza köçürülüb, öz tarixi dədə-baba torpaqlarında yaşayan azərbaycanlılar isə deportasiyaya məruz qalıblar. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarların himayəsi ilə “erməni vilayəti” adlı inzibati bölgünün yaradılmasına nail olub və bununla da, azərbaycanlıların öz torpaqlarından qovulması siyasətinin bünövrəsi qoyulub. Bunun davamı olaraq, 1905-1907-ci illərdə, daha sonra isə bolşevik bayrağı altında 1918-ci ilin mart ayında erməni millətçiləri Bakıda, Tiflisdə, İrəvanda, Naxçıvanda, Qubada, Şamaxıda və Azərbaycanın digər yaşayış məntəqələrində azərbaycanlılara qarşı açıq şəkildə həyata keçirilmiş genişmiqyaslı qanlı aksiyalar zamanı minlərlə uşaq, qadın, qoca yalnız milli mənsubiyyətinə görə misilsiz qəddarlıqla qətlə yetirilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, evlər talan edilib, yandırılıb.
Nəticədə, Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti Azərbaycanın tarixi torpaqlarında, Şimali Azərbaycanda-keçmiş İrəvan xanlığının ərazisində 1918-ci ilin mayın 29-da Sovet Rusiyası tərəfindən erməni dövlətinin yaradılmasına və azərbaycanlılara məxsus olan əlavə 20,2 min km2 ərazinin bu süni dövlət qurumuna qatılmasına gətirib çıxarıb.
Ermənilərin etnik təmizləmə siyasəti SSRİ-nin zəifləməsi və sonradan dağılması ilə 1988-ci ildə yeni güc alıb, erməni millətçiləri keçmiş SSRİ rəhbərliyinin himayədarlığı ilə Ermənistan SSR-nin ərazisində olan 185 yaşayış məntəqəsi boşaldılıb və 250 mindən artıq azərbaycanlı indiki Ermənistandan zorla öz doğma torpaqlarından qovulub, Dağlıq Qarabağ və ətraf rayonların işğalı prosesi başlanıb.
Təkcə XX əsrin sonlarında ermənilər tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilib, 5300-dən artıq şəxs əsir və itkin düşüb, girov götürülüb, 3890 nəfər bu günədək itkin düşmüş hesab edilir, 20 mindən çox dinc sakin yaralanıb, 877 şəhər, kənd və qəsəbə qarət edilib, dağıdılıb, yandırılıb, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib, ölkəmizin ərazisinin 20 faizindən çoxu zəbt edilib.
Buna misal olaraq, 67 nəfərin Xocavənd rayonunun Qaradağlı kəndində, 25 nəfərin Əsgəran rayonunun Meşəli kəndində, 17 nəfərin Kərkicahanda öldürülməsi və digər yaşayış məntəqələrində törədilən ağır cinayətləri göstərmək olar.
- Xocalı soyqırımı ilə bağlı ermənilər tərəfindən neçə nəfər qətlə yetirilib, neçə nəfər əsir düşüb və işgəncələrə məruz qalıb?
- 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının ərazisinə qanunsuz keçmiş Ermənistanın Silahlı Qüvvələri, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələri keçmiş SSRİ Silahlı Qüvvələrinin Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikasının dəstəyi ilə Respublikanın digər ərazilərindən təcrid olunmuş və hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərinə hücuma keçiblər.
Xocalı soyqırımı zamanı bir gecədə 106 qadın və 63 uşaq olmaqla 613 nəfər öldürülüb, o cümlədən 8 ailə tam məhv edilib, 487 nəfər yaralanıb, 1 275 qadın, uşaq və qoca girov götürülərək işgəncələrə məruz qalmış (150 nəfər, o cümlədən 68 qadın və 26 uşaq bu günə kimi itkin düşmüş hesab olunur), Xocalı şəhərinin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb. Bu faciə zamanı 111 nəfər Xocalıda qətlə yetirilib, mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş şəhər sakinlərindən 16 nəfər Kətik meşəsində, 130 nəfər Naxçıvanik yolunda, 23 nəfər Qaraqaya ətrafında, 23 nəfər Dəhraz kəndi yaxınlığında, 8 nəfər Şelli istiqamətində, 6 nəfər Əsgəran asfalt yolunun 86-cı kilometrliyində və s. yerlərdə vəhşicəsinə öldürülüb, habelə əsir götürülən Xocalı sakinlərindən 18 nəfəri Əsgəran rayon daxili işlər şöbəsində işgəncə verilərək qətlə yetirilib. Qətlə yetirilən şəxslərdən 192-i əslən Xocalı sakini, 24-ü 1988-ci ildə Ermənistandan, 32-i 1988-1989-cu ildə Xankəndi şəhərindən, 35-i Dağlıq Qarabağın digər yaşayış məntəqələrindən deportasiya olunmuş azərbaycanlılar, 8-i 1989-cu ildə Fərqanə hadisələri zamanı Özbəkistandan köçmüş məshəti türkləri və s. olublar.
- Beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası Baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb. Bu əməliyyat-istintaq qrupu tərəfindən hansı beynəlxalq təşkilatlar qarşısında vəsatətlər qaldırılıb?
- Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən XX əsrin sonlarında yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun, Milli Təhlükəsizlik və Daxili İşlər nazirlərinin 18 dekabr 2003-cü il tarixli birgə əmri ilə istintaq-əməliyyat qrupu yaradılıb.
05 may 2005-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin şəxsi təşəbbüsü ilə həmin istintaq-əməliyyat qrupu tərəfindən istintaq olunan cinayət işi Respublika Hərbi Prokurorluğunun icraatına götürülüb və iş üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik ədliyyə general-leytenantı Xanlar Vəliyev tərəfindən həyata keçirilib.
Əvvəlki dövrdən fərqli olaraq, cinayət işi Respublika Hərbi Prokurorluğunda icraata götürüldükdən sonra, şəxsən ədliyyə general-leytenantı Xanlar Vəliyev tərəfindən yeni vahid istintaq-əməliyyat planı tərtib olunub və işin mahiyyəti üzrə, yəni genosid, deportasiya, işgəncə və sair cinayət faktlarının araşdırılması məqsədi ilə iş üzrə beş əsas istiqamət müəyyən edilib. Bunlar a) Azərbaycan xalqına qarşı soyqırımı; b) əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı işgəncə; c) terror; ç) dövlətə və vətəndaşlara vurulmuş ziyan; d) müasir dövrdə milli ədavət və düşmənçilik niyyətlə törədilmiş xüsusilə ağır cinayətlər kimi istiqamətlərdir. Həmin cinayət işinin istintaqının sistematik olaraq və peşəkarlıqla aparılmasını təmin etmək məqsədilə Xanlar Vəliyevin təşəbbüsü ilə 30 mart 2009-cu il tarixdə Respublika Hərbi Prokurorluğunda Xüsusi istintaq şöbəsi yaradılıb.
Hazırda qeyd olunan beş əsas istiqamətlər üzrə qanunsuz erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılara qarşı Xocalı şəhəri, Xocavənd rayonunun Qaradağlı kəndi, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsi, Qazax rayonunun Bağanıs-Ayrım kəndi, Əsgəran rayonunun Meşəli kəndi və sair yaşayış məntəqələrində törədilmiş soyqırımlar, əsir düşmüş və girov götürülmüş şəxslərə qarşı törədilmiş işgəncə, habelə ayrı-ayrı epizodlar üzrə Şuşa, Xocavənd, Əsgəran, Ağdərə, Ağdam, Goranboy və digər rayonlarda törədilmiş cinayətlər peşəkarlıqla araşdırılır, həmin cinayətlərlə bağlı beynəlxalq məhkəmələrə vəsatətlər verilir.
- Ümumilikdə, bu beş istiqamətdə aparılan istintaq nəticəsində neçə nəfərin cinayət törətdiyi məlum olub?
- Qeyd etdiyim kimi, cinayət işi Respublika Hərbi Prokurorluğunda araşdırılan zaman həmin iş üzrə xalqımıza qarşı törədilmiş bu ağır cinayətlərin istintaqının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikası Cinayət və Cinayət Prosessual Məcəllələrinin tələblərinə uyğun aparılmasını təmin etmək məqsədi ilə, habelə şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin, araşdırılmalı olan xüsusatların sayının çoxluğu nəzərə alınaraq iş üzrə 5 əsas istiqamət müəyyən edilib.
Həmin istiqamətlər üzrə ümumilikdə 306 şəxs müəyyən edilib, barələrində cinayət təqibi başlanılıb, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilərək axtarışları elan olunub, digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
- Xocalı soyqırımının törədilməsində iştirak edən, təşkilatçılıq edən şəxslər müəyyən edilib? Törədilmiş qətliamın təşkilatçıları barəsində hansı tədbirlər görülüb? Hansı istintaq hərəkətləri aparılıb?
- Qanunsuz erməni silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən törədilən cinayət faktları üzrə beynəlxalq hüquq normalarına uyğun hərtərəfli istintaq aparılaraq, çoxsaylı şahid və zərərçəkmiş şəxslərin ifadələri, baxış, tanınma aparılması protokolları, müxtəlif növ ekspertiza rəyləri və digər prosessual sənədlər əsasında bugünkü günədək sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlər törətmiş 40-ı Xocalı soyqırımı üzrə, 12-i Qaradağlı soyqırımı üzrə, 18-i Bağanis-Ayrım soyqırımı üzrə, 9-u Meşəli soyqırımı üzrə, 47-i Kərkicahan soyqırımı üzrə, 35-i əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə faktları üzrə, 3-ü terrorçuluq faktı üzrə və 142-i ümumi cinayətlər kateqoriyasına aid banditizm, qəsdən adam öldürmə və sair cinayətlər üzrə olmaqla, ümumilikdə 306 şəxsin Azərbaycan Respublikası CM-nin 103 (soyqırım), 107 (deportasiya), 113 (işgəncə), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq) və digər maddələrində nəzərdə tutulan cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib. Onlar barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilib. Həmin şəxslər arasında Seyran Ohanyan, Valeri Çitçiyan, Yevgeni Nabokix kimi Xocalı cəlladları da vardır.
- Xocalı soyqırımı ilə bağlı başlanmış cinayəti işi çərçivəsində neçə istintaq hərəkəti aparılıb? Neçə nəfər zərərçəkmiş dindirilib? Nə qədər ekspertiza təyin olunub?
- Respublika Hərbi Prokurorluğunda araşdırılması aparılan cinayət işinin istintaqı zamanı bugünkü günədək ümumilikdə 80 100-dən artıq istintaq hərəkəti icra edilib. O cümlədən 28 200-dən artıq şəxs zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilib, 29 900-dən artıq şəxs şahid qismində dindirilib. 18 200-dən artıq şəxs mülki iddiaçı qismində tanınıb, 2 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib. 31 100-dən artıq prosessual qərarlar qəbul edilib, digər çoxsaylı zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda qanunsuz erməni silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş işgəncə, soyqırımı, digər sülh və insanlıq əleyhinə, müharibə cinayətlərinin araşdırılması istiqamətində, o cümlədən həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilib mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
- Bu hadisələrin törədilməsində Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın iştirakı ilə bağlı faktlar var. Onlar barəsində istintaq davam etdirilir?
- Ermənistanın keçmiş prezidentləri Koçaryan Robert Sedrakoviç və Sarqsyan Serj Azatoviçin 1988-ci ilin fevral ayından etibarən Azərbaycan və erməni xalqları arasında milli düşmənçilik salmaq, nifrət oyatmaq niyyəti ilə şəhərin təşkilat və müəssisələrində erməni milliyyətindən olan işçiləri yığıb iclaslar keçirərək, Qarabağın ermənilərə məxsus olduğunu və orada yalnız ermənilərin yaşamalı olduğunu, azərbaycanlıları işdən qovmağı, şəhərdən və Dağlıq Qarabağdan zorla köçürməyi, evlərini yandırmağı təbliğ etdiklərinə, özbaşına olaraq özlərinə dövlət hakimiyyəti nümayəndələrinin adını verərək, Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq 02 sentyabr 1991-ci il tarixdə keçmiş Şaumyan rayonu da birləşdirilməklə, “Dağlıq Qarabağ Respublikası”nın elan olunması, bütün hakimiyyətin vilayət xalq deputatları sovetliyinə və onun icraiyyə komitəsinə verilməsi, həmin ərazidə Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının qüvvədən düşməsi barədə qanunsuz qərar qəbul etdiklərinə və digər cinayətlər törətdiklərinə görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib və axtarışa veriliblər.
- İstintaq zamanı toplanan dəhşətli işgəncə faktlarından hansıları qeyd edə bilərsiniz?
- Respublika Hərbi Prokurorluğunda araşdırılması aparılan cinayət işinin istintaqı zamanı dindirilmiş zərərçəkən və şahidlərin ifadələrində dəhşətli işgəncə faktları müəyyən olunub. Belə ki, erməni silahlı dəstələri tərəfindən əsir və girovlar - qadın, qoca və ya uşaq olmalarına fərq qoyulmadan şaxtalı havada çay daşlarının üstündə və ya qarda sürünməyə, əllərini soyuq daşın üzərinə qoyub saxlamağa məcbur edilməklə, dişləri, dırnaqları çıxarılmaqla, qabaqlarına ot atıb həmin otu, torpağı yeməyə məcbur edilməklə, döyülməklə, sinələrinə xaç damğası vurulmaqla və digər üsullarla dəhşətli işgəncələrə, mənəvi təzyiqlərə və qeyri-insani rəftara məruz qalmış, bir çox hallarda baş dərisinin soyulması, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, hamilə qadınların qarın nahiyələrinin yarılması, diri-diri yandırılması, erməni qəbrinin üstündə azərbaycanlı başının qurbanlıq kimi kəsilməsi yolu ilə soyuqqanlıqla qətlə yetiriliblər.
- Xocalının işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına nə qədər ziyan vurulub? Bu ziyanın ödənilməsi istiqamətində hansı addımlar atılır?
- Cinayət işinin istintaqı zamanı Xocalının işğalı ilə bağlı ermənilər tərəfindən dövlətə və vətəndaşlara ilkin hesablamalara görə, 170 milyon ABŞ dollarından artıq məbləğdə ziyan vurulması müəyyən edilib. İşğaldan azad olunan ərazilərdə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, hazırda yerli və beynəlxalq mütəxəssislər tərəfindən dəymiş ziyan yerində hesablanır. Bununla bağlı yaradılmış komissiya öz funksiyasını icra edir.
Bu ziyanın ödənilməsi ilə bağlı bütün sənədlər hazırlanaraq beynəlxalq məhkəmələrə göndərilib. Bundan başqa zərərçəkmiş şəxslər Ermənistana qarşı fərdi qaydada Avropa İnsan Hüquqları Məhkəməsinə də müraciətlər ediblər.
Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun «Xocalıya ədalət!» beynəlxalq kompaniyası çərçivəsində erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və dünya miqyasında tanıdılması məqsədi ilə 2008-ci ildən etibarən vahid konsepsiyaya uyğun olaraq planlı şəkildə əhəmiyyətli tədbirlər həyata keçirilib.
Bundan başqa, XX əsrin əvvəllərindən bəri erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri cinayətlərin tarixin yaddaşına həkk olunması, obyektiv həqiqətlərin əyani olaraq dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın millətçi və terrorçu siyasətinin ifşa olunması və bu barədə gələcək nəsillərin ixtiyarına tutarlı dəlillərin və zəngin materialların verilməsi məqsədi ilə Hərbi Prokuror Xanlar Vəliyevin təşəbbüsü ilə Respublika Hərbi Prokurorluğunun inzibati binasında «Memorial Soyqırım Muzeyi» yaradılıb, «Xocalı yaddaşı», «Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları», «Xocalı 1992», «Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü», «Terror: Hadisələr, faktlar, sübutlar», «Xocalıya ədalət (beynəlxalq erməni terroruna qarşı yeni strateji model)» adlı kitablar dərc edilib.
- Azərbaycanlılara qarşı cinayət törədən ermənilərin tutularaq istintaqa cəlb olunması istiqamətində hansı işlər görülür?
- Misal olaraq qeyd edim ki, Ermənistan Respublikasının vətəndaşları Arsen Baqdasaryan 26 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində, Karen Ğazaryan isə 15 iyul 2018-ci il tarixdə Qazax rayonu ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə partlayış törətməklə insanların həlak olmasına, onların sağlamlığına zərər vurulmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına təhlükə yaratdıqlarına görə, Cinayət Məcəlləsinin terrorçuluq və digər cinayətləri nəzərdə tutan müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmə məsuliyyətinə veriliblər.
Həmçinin, Vətən Müharibəsi dövründə işğaldan azad edilmiş ərazilərdə ələ keçirilmiş Ermənistan Respublikasının vətəndaşları Lüdvik Mkrtiçyanın və Alyoşa Xosrovyanın 1991-1999-cu illərdə əsir düşmüş və ya girov götürülmüş azərbaycanlılara işgəncə vermələri müəyyən edildiyindən, onlar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq onlar məhkəmə məsuliyyətinə veriliblər.