“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xətti ilə mən uzun illər “Vətənin müdafiəsinə hazıram” adlı tədbirlərdə iştirak etmişəm. Bu cür tədbirlər Azərbaycanın demək olar ki, bütün bölgələrində keçirilirdi”.
Bu sözləri “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Herbiand.az-a açıqlamasında bildirib.
Şəmistan Əlizamanlı belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün önəmli rol oynadığını vurğulayıb. Ona görə də bizim tədbirlər həmişə yüksək səviyyədə və böyük anşlaqla təşkil olunub:
“Bunun da nəticəsidir ki, bizim ordumuz cəmi 44 gün içərisində dünyada analoqu olmayan qələbə ilə xalqımızı təmin etdi. Burada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti az olmayıb. Müharibə başlayan gündən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz işini yüksək səviyyədə və peşəkarlıqla həyata keçirtdi. Əsgərlərimizin, ehtiyatda olan zabitlərimizin tez bir zamanda səfərbər olunmasında yüksək peşəkarlıqla bu işin öhdəsindən gəldilər. Mən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bütün kollektivini başda general-polkovnik Arzu Rəhimov olmaqla ürəkdən təbrik edirəm. Onlara gələcək işlərində yeni-yeni uğurlar arzulayıram”.
Qeyd edək ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 13 Fevral 2012-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, paytaxtın rayon hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.