FHN: Ötən gün 63 yanğına çıxış olub, 7 nəfər xilas edilib - VİDEO
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 63 yanğına çıxış, 2 nəqliyyat qəzası və 5 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər, o cümlədən Suraxanı rayonunda minik avtomobili və sərnişin avtobusunun toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilində sıxılı vəziyyətdə qalan sürücü və 1 nəfər sərnişin xilas edilib.
Həmçinin, Nizami rayonunda bağlı qapı arxasında aşkar olunan 1957-ci il təvəllüdlü Həşimov Yusif Altəhmasib oğlunun və Tovuz rayonunda yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan minik avtomobilindən çıxarılan sürücü 1996-cı il təvəllüdlü Alıyev Sərxan Mikayıl oğlunun meyitləri aidiyyəti üzrə təhvil verilib.