• 29 Mart 2024
logo
Ordu və başqa silahlı birləşmələr üzrə yeni maddi-texniki təminat qaydası müəyyənləşəcək

Ordu və başqa silahlı birləşmələr üzrə yeni maddi-texniki təminat qaydası müəyyənləşəcək

Silahlı Qüvvələrin maddi-texniki təminatı qaydası dəyişir.
Bu, Milli Məclisin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Hazırda qüvvədə olan qanuna əsasən, Silahlı Qüvvələrin dinc, real təhdid, səfərbərlik və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və tələbat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Təklif edilən dəyişikliyə görə isə Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Mövcud layihə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkib hissəsi olan Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üzrə yalnız ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrləri üçün maddi texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normasının müəyyən edilməsi məqsədilə, eləcə də beynəlxalq və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 20-dən noyabrın 10-dək aparılan döyüş əməliyyatlarında əldə edilmiş təcrübə əsasında hazırlanıb. Bu təcrübənin təhlili nəticəsində Silahlı Qüvvələrin maddi texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normalarının müəyyən edilməsi zamanı dinc dövrlə real təhdid və səfərbərlik dövrləri arasında fərq olmadığı, fərqin yalnız dinc və müharibə (silahlı münaqişə) dövrləri arasında olduğu, maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normalarının hər bir qurum üçün ayrılıqda təsdiq edilməsinin daha məqsədəuyğun olduğu müəyyən edilib.
Layihənin qəbulu Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üzrə üzrə yalnız ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydasının və təminat normasının müəyyən edilməsinə zəmin yaradacaq.