Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1 nəfər xilas edilib, həmçinin yanğın yerinin kəşfiyyatı zamanı 1963-cü il təvəllüdlü Nərimanov İlqar Yunis oğlunun meyiti aşkar olunaraq aidiyyətı üzrə təhvil verilib.
Bundan başqa, Xızı rayonu, Sitalçay kəndi ərazisində "Niva" markalı minik avtomobilinin Taxtakörpü-Ceyranbatan su kanalına düşməsi nəticəsində hadisə yerinə dərhal müvafiq xilasetmə qüvvələri cəlb olunub, avtomobil sudan çıxarılıb, batması ehtimal olunan bir nəfərin axtarış işlərinə başlanılıb.