• 19 Mart 2024
logo
Pul verən hər kəsə satılanlar!

Pul verən hər kəsə satılanlar!

Bu yazını daha tez yaza bilərdim. Lakin qərara gəldim ki, bir az gözləyim. Səbəbsiz deyildi. Çünki aşağıda təqdim edəcəyim hadisələrin sonrakı inkişafını gözləmək lazım idi ki, obyektiv qiymət verə bilək. Həm də yazıda yer verəcəyimiz suallar məntiqə söykənə bilsin.
Beləliklə, birinci hadisə.
Bir müddət öncə əlavə təqdimata ehtiyacı olmayan həmkarımız Mir Şahin ABŞ xüsusi xidmət orqanlarından birinin bir pota əməkdaşının yataq otağından şəkillərini ictimailəşdirib onunla həmin yatağı paylaşanın kimliyini sorğulamışdı. Ad çəkmədən özü də. Mir Şahin ustadır, işini yaxşı bilir, məsuliyyətini dərk edir və atdığı bütün oxlar sərrast olur. Bu dəfə də elə oldu. O yatağı ABŞ agenti ilə paylaşanın kimliyi haqqında işarə belə verilmədiyi halda məlum və məşhur Sevinc Mirzəyeva özü ortalığa çıxıb iddia etdi ki, “hakimiyyətin jurnalisti Mir Şahin” onu intim görüntülərini paylaşmaqla şantaj edir. A tövbə! Şəxsən özüm də o verilişə baxmışdım və Mir Şahin Sevincə heç adi işarə belə etməmişdi. Lakin “sözü at yerə, sahibi götürəcək” deyimi burada özünü doğrultdu və Sevinc Mirzəyeva özü çıxıb o yatağa dəxli olduğunu, əslində, bəyanladı…
Ardınca baş verənlər isə daha maraqlıdır. Time jurnalı ay ərzində ən çox təhdidə məruz qalan 10 jurnalist siyahısında bu Sevincə də yer verdi. İddia edildi ki, bəs, Azərbaycan hakimiyyəti Real TV vasitəsilə Sevinci sıxışdırır, şantaj edir və s. Elədirmi? Təbii ki, deyil. Mir Şahinin öz sözündə və əməlində nə qədər müstəqil olduğu axı heç kimə, o cümlədən bu Sevincə də sirr deyil. Onda necə olur ki, Sevinc bunu bildiyi və üstəlik Mir Şahin onun adını çəkmədiyi halda birbaşa Azərbaycan hakimiyyətinə yüklənir? Bəs o necə olur ki, Time jurnalı da bu boyda yalanı uf demədən milyonlarla ölçülən auditoriyaya yayımlayır? Şəxsən mən elə düşünürəm ki, bu işdə Mir Şahinin yataq otağındakı görüntülərini təqdim etdiyi o pota agent və təmsilçisi olduğu qurumun birbaşa rolu var. Onda sual olunur: o boyda qurum nəyin qarşılığında adi bir jurnalist olan Sevincə bu qədər “lütf” göstərir? Hələ biz başqa lütfləri demirik…
Burada bu məsələni belə qapadırıq: ona qarşı adi bir jurnalist tənqidini beynəlxalq qurumlar ciddi diqqətə aldılar, bunu Azərbaycan hakimiyyətinin birbaşa ayağına yazdılar, üstəlik də tələb etdilər ki, “təqiblər” dayandırılsın. Ortada hansısa təqibin olduğunu nə biz, nə də elə Sevincin özü təsdiq edə bilmədiyi halda…
Sonra nə baş verdi? Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti bir şantajçı-reketi həbs eləmişdi. Onun məhkəmə prosesi başa çatdı. 5 il yarımlıq həbsə məhkum edildi. Törətdiyi əməlləri də etiraf etdi. Yəni gizlədə də bilməzdi, çünki ortada bir dəstə şahid vardı. Söhbət jurnalistikadan illərdir sui-istifadə edən İkram Rəhimov adlı dələduzdan gedir. Azərbaycan mediasının heç bir ciddi və normal təmsilçisi, hətta radikal müxalif kəsim (kiçik istisnalarla) onu müdafiə etmədi. Çünki bu, jurnalistika hadisəsi deyildi. Adi bir dələduzluq, şantaj, qarayaxma prosesinin məntiqi sonluğu idi.
İkramın işinin fonunda bir də biz jurnalistlərin belə tanımadığı Polad Aslanov adlı şəxs həbs edildi. Bəyan edildi ki, bu şəxs xarici ölkələrdən birinin xüsusi xidmət orqanlarıyla könüllü işbirliyinə gedib, özüylə bərabər başqa jurnalistləri də bu işə cəlb edib. Əldə yetərincə dəlil-sübut olduğu üçün Dövlət Təhlükəsizliyi Xidməti onu həbs edib, istintaq gedir. Qeyd etdiyimiz kimi, bu adda jurnalisti media ictimaiyyəti tanımır. Lakin sonralar ortaya çıxan bəzi ayrıntılardan bəlli olur ki, bu adam da dələduz İkram Rəhimovla oturub-duranlardanmış. Dövlətin uyğun qurumu bu Poladın işbirliyi etdiyi xarici dövlətin adını elan etməsə də bizim öz araşdırmalarımız onun İrana işlədiyini deməyə əsas verir. Yəni ən azından belə bir ehtimalımız var.
İndi yenə qayıdırıq Sevincin üzərinə. Bu Sevinc bu adamları da açıq müdafiəyə keçib. Təsəvvür etmək belə mümkün olmasa da, Sevinc iddia edir ki, dələduz İkramı siyasi səbəblərdən həbs ediblər. Özü də həbs etdirən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov imiş…
Sevincin ardınca Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi bəyanatla çıxış edərək “siyasi səbəblər üzündən həbs edilmiş” İkram Rəhimov və Polad Aslanovun dərhal azadlığa buraxılmasını tələb edir. Onun ardınca isə məlum və məşhur, öz Vətəni Azərbaycanı öz dərisini xilas etmək üçün ayaqlar altına atmış Emin Hüseynov də bənzər bəyanat verib, dələduz İkramla Vətənə xəyanətdə ittiham edilən Poladın dərhal azadlığı buraxılmasını tələb edib…
Bu hadisələrin fonunda bir başqa hadisə də diqqət çəkir. ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilov internet üzərindən müraciət yayaraq şəxsinin AXCP sədri Əli Kərimli tərəfdarları tərəfindən təhqirlərə məruz qaldığını bəyan edib. Jurnalist bildirir ki, Əli Kərimlini etik çərçivədə tənqid etməsinin qarşılığında onun tərəfdarları və trol ordusu bu şəxsi əməlli-başlı təhqir edir, hədələyir, göz açdırmır. Yəni Sevincin boş iddiasından fərqli olaraq burada fakt var və əslində, Sevinc bir “demokratiya cəfakeşi” olaraq hadisəyə münasibət bildirib Əli Kərimlini tənqid etməliydi. Amma nəsə səsi gəlmir.
Yaxud da Nyu Yorkdakı Jurnalistləri Müdafiə Komitəsi, eləcə də Emin Hüseynov hadisəylə bağlı kəskin reaksiya verməliydi. Amma onlardan da səs çıxmır.
İndi isə sual edirik: Necə olur ki, Sevincin adı belə çəkilmədiyi halda Mir Şahinin hansısa şərhinə görə az qala bütün dünya ayağa qalxır, lakin həmkarımız İsmayıl Cəlilov təqib olunduğunu faktlarla bəyan etdiyi halda onu heç kim müdafiə etmək istəmir?
Bu sualın cavabı çox sadədir. Sevinc onu müdafiə edənlərə lazımdır. Çünki müdafiəçiləri onun kimilərdən Azərbaycan dövlətinə qarşı istifadə edirlər, adının daim hallanması, özü də ermənilər kimi məzlum görkəmdə tirajlanması lazımdır. İsmayıl Cəlilovu təqib edənsə elə Sevincin ağalarının işinə yaraya biləcək radikal müxalifət təmsilçisidir. Ona görə bu məsələdə susqunluq lazımdır.
Daha bir sual: necə olur ki, bir ABŞ təşkilatı İrana işlədiyi yönündə şübhələr olan, jurnalistikaya dəxli olmayan birisini də müdafiə edir? Özü də ABŞ-la İran arasındakı münasibətlər bu qədər gərgin həddə çatdığı bir vaxtda? Bu sualın da cavabı sadədir: kim olur-olsun, təki Azərbaycan hakimiyyətini ittiham etmək üçün işə yarasın. Hətta İran agenti olsa belə…
Bax, belə! Sevinclərin, İkramların, Poladların, Eminlərin və onların Azərbaycanın içindəki quyruqlarının mahiyyəti budur. Ona görə də bu adamların ölkəmizdə demokratiya davası etdiyi haqda nağılları hər kəsin qulaqardına vurması zəruridir. Bu adamlar və onların çevrəsindəki hər kəs özünü xarici xüsusi xidmət orqanlarına könüllü təslim ediblər. Özü də çoxdan. Özü də tək bir tərəfə deyil. Bir ucu ABŞ-da, digər ucu İranda olmaqla pul verən hər kəsə satılıblar bunlar! Elə isə bu şəxslərin arxasınca gedən, onların yazı-pozusunu ciddiyə alıb istər hakimiyyətin, istərsə də bizim kimi insanların üzərinə gələnlərin adı nədir? Bu suala isə cavabı hər kəsin öz ixtiyarına buraxırıq…
Azər HƏSRƏT, [email protected]