• 18 Yanvar 2022
logo
FHN azad olunmuş ərazilərin yaxınlığında yaşayan sakinlərə müraciət edib

FHN azad olunmuş ərazilərin yaxınlığında yaşayan sakinlərə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad olunmuş ərazilərdə müharibənin təhlükəli qalıqları ilə bağlı vətəndaşlara müraciət edib.
Müraciətdə deyilir:
"44 gün davam etmiş Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında olmuş torpaqlarımızı azad etdikdən dərhal sonra mina və partlamamış hərbi sursatlarla yüksək dərəcədə çirklənmiş ərazilərin təmizlənməsi əməliyyatlarına başlanılıb. Bu əməliyyatlarda aidiyyəti dövlət qurumları ilə yanaşı Fövqəladə Hallar Nazirliyi də bilavasitə iştirak edir. Ötən müddət ərzində dövlət qurumlarının əlaqəli fəaliyyəti sayəsində böyük ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, bu ərazilərdə hal-hazırda yenidənqurma və quruculuq işləri sürətlə davam etdirilir. Həyata keçirilən tədbirlər həmin ərazilərin əsl sahibləri olan soydaşlarımızın öz dədə-baba torpaqlarına qayıdacağı günü daha da yaxınlaşdırır.
Bununla belə, hələ də işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə mina və partlamamış hərbi sursatlar qalmaqdadır və hazırda aidiyyəti dövlət strukturları, o cümlədən Fövqəladə Hallar Nazirliyi bu təhlükənin tam aradan qaldırılması istiqamətində əlaqəli şəkildə fəaliyyətlərini fasiləsiz olaraq davam etdirirlər. Bununla bağlı səbr, təmkin göstərən, hər şeydən vacib olan təhlükəsizlik məsələlərinə anlayışla yanaşaraq dövlətin müəyyən etdiyi qaydalara diqqət və hörmətlə yanaşaraq işğaldan azad olunmuş ərazilərə qeyri-qanuni səfərlərdən çəkinən hər bir vətəndaşımıza təşəkkür edirik.
Təəssüflə qeyd edirik ki, mina və partlamamış hərbi sursatlarla yanaşı, işğaldan azad olunmuş ərazilərdə mənfur düşmən tərəfindən kustar üsulla hazırlanmış çoxsaylı partlayış təhlükəli əşyalara da rast gəlinir. Belə ki, müxtəlif təyinatlı və fərqli əşyaların (məişət, təsərrüfat əşyaları, uşaq oyuncaqları və s.) içərisinə yerləşdirilmiş partlayıcı maddələr kiçik toxunuşla böyük faciələrə yol aça bilir. Bu tip əşyaların ən böyük təhlükəsi isə onların xarici görünüş baxımından aldadıcı olması, bir çox hallarda uşaqlar üçün cəlbedici və maraqlı görünməsidir. Müxtəlif meteroloji amillərin təsiri nəticəsində, o cümlədən lokal sel və daşqınların gətirməsi ilə belə əşyalara işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrinin ətrafında da rast gəlinir”.
Qeyd olunanları nəzərə alaraq, FHN işğaldan azad olunmuş ərazilərə yaxın yaşayış məntəqələrində yaşayan vətəndaşlara müraciət edərək, rast gəlinən hər hansı yad, naməlum əşyaya toxunmadan dərhal nazirliyin “112” və ya Daxili İşlər Nazirliyinin “102” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.
Bildirilib ki, xüsusilə uşaqların nəzarətsiz qoyulmaması, göstərilən məsələlərlə bağlı onlarla ailə daxilində daim maarifləndirici söhbətlərin aparılması təhlükəsizliyin təmin olunmasına mühüm töhfədir.