• 6 Dekabr 2021
logo
59 nömrəli tam orta məktəbdə şəhidlərin xatirə lövhəsi açılıb

59 nömrəli tam orta məktəbdə şəhidlərin xatirə lövhəsi açılıb

Xətai rayonunda Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə məktəbin məzunları olan Birinci və İkinci Qarabağ müharibələrinin şəhidləri - Milli Qəhrəman, gizir Tahir Əminağa oğlu Bağırov, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanov, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, Denis Aleksandroviç Əliyev, Toğrul Daşqın oğlu Ağalarlı, Orxan Zöhrab oğlu İsmayılov və Elmir Pərviz oğlu Umudlunun xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Bu münasibətlə məktəbin həyətində keçirilən mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək bildirib ki, qəhrəmanlar yetişdirən Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə yeddi şəhidimizin xatirəsini ehtiramla anırıq. Məktəbin yetirmələri olan yeddi şəhidimizin ikisi Birinci Qarabağ müharibəsində, beşi isə İkinci Qarabağ müharibəsində mənfur ermənilərə qarşı şücaətlə vuruşaraq şəhid olublar. Bu xatirə lövhələrinin yaradılmasında məqsəd şəhidlərimizin əziz xatirəsinin daim anılması və xüsusən də şagirdlərimizə vətənpərvərlik hisslərinin aşılanmasıdır. Bizim hər birimiz şəhidlərimizin həyat yolunu özümüzə örnək bilməli, onların həyat və döyüş yolunu öyrənməliyik.
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə mərasimdə çıxış edərək bildirib ki, bu insanlar qüdrətli Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərqərar olmasında böyük şücaət göstəriblər. Düşünürəm ki, bu məktəbdə təhsil alan şagirdlər bundan sonra şəhidlərimizin timsalında əsl vətəndaş kimi formalaşacaqlar, xalqımıza, dövlətimizə və Vətənimizə sədaqətin bir nümunəsini ortaya qoyacaqlar. Şəhidlərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qəhrəmanlıq tarixini yazıblar. Bu insanlar Azərbaycanın qürurunun mövcudluğunu, varlığını, vətəndaşlarımızın necə böyük qəhrəman olduqlarını, torpağını sevdiklərini təsdiq etdilər. Şəhidlərimiz və qazilərimiz bizim üçün çox dəyərli, əzizdirlər.
Mərasimdə Xalq artisti Azad Şükürov, Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədova, şəhid ataları Mürvət Əsgərov, Meyvəddin Ramaldanov, Pərviz Umudlu çıxış edərək Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, şəhidlərin döyüş yolundan danışdılar, onlarla bağlı xatirələrini bölüşdülər.
Sonra şagirdlər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndirdilər. Şəhidlərin ruhuna dualar oxundu, xatirə lövhəsinin qarşısına əklillər, tər gül-çiçək dəstələri düzüldü.
Mərasimin sonunda şəhidlərin xatirə lövhəsinin ətrafına simvolik olaraq yeddi ədəd çinar ağacı əkildi.