• 30 Noyabr 2021
logo
Şəhidi polkovnik-leytenant Xeyrulla İbrahimovun məzarı ziyarət olunub

Şəhidi polkovnik-leytenant Xeyrulla İbrahimovun məzarı ziyarət olunub

Vətən Müharibəsi şəhidi polkovnik-leytenant İbrahimov Xeyrulla Mais oğlunun anım günü ilə əlaqədar, onun II Fəxri Xiyabandakı məzarı ziyarət olunub.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Yeni Azərbaycan Partiyası Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Rafiq Quluyev şəhidin ailəsinə bir daha başsağlığı verərək onlara Allahdan səbr diləyib. O, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərliklərdən söz açıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirib. Rafiq Quluyev, həmçinin dövlətimizin şəhidlərin ruhuna bəslədiyi yüksək ehtiram və onların ailələrinə qayğısından bəhs edərək diqqətə çatdırıb ki, şəhidlik zirvəsinə ucalmış övladlarımızın xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.
Mərasimdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib ki, şəhidlərimizin Azərbaycanın qəhrəmanlıq tarixində müqəddəs bir rol oynadıqlarının şahidləri kimi, onları daim minnətdarlıq hiss ilə anacaq və işıqlı əməllərini qəlbimizdə əbədi yaşadacağıq.
Şəhidin ailə üzvləri, yaxınları çıxış edərək xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən insanların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.