• 28 Mart 2024
logo
İcra başçısının müavini: İrandakı zəlzələ nəticəsində Astarada dağıntı və tələfat qeydə alınmayıb

İcra başçısının müavini: İrandakı zəlzələ nəticəsində Astarada dağıntı və tələfat qeydə alınmayıb

Bu gecə İran ərazisində baş verən zəlzələ nəticəsində Astara rayonunda hiss edilən təkan qeydə alınsa da, hər hansı dağıntı və tələfat baş verməyib.
Bunu Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev deyib.
Onun sözlərinə görə, zəlzələdən sonra icra hakimiyyətinə binalarda çatların əmələ gəlməsi, tələfatın qeydə alınması ilə bağlı heç bir müraciət daxil olmayıb: “Hazırda rayonda həyat öz axarı ilə davam edir, məktəblərdə tədris var, heç bir problem yoxdur. Hazırda bizim hiss edə biləcəyimiz təkan da qeydə alınmır”.
Qeyd edək ki, bu gecə yerli vaxtla saat 02:47-də İran ərazisində zəlzələ baş verib. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss olunub.
Yeraltı təkanlar 6 bal gücündə olub. Zəlzələ ocağı 2 kilometr dərinlikdə yerləşib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Trend-ə bildirib ki, bu gecə İran ərazisində baş verən zəlzələlərdən sonra Azərbaycanın cənub zonasında yeraltı təkanların qeydə alınması davam edir. Onun sözlərinə görə, güclü zəlzələdən sonra yaxın ərazilərdə yeraltı təkanların qeydə alınması normaldır.