• 19 Mart 2024
logo
Baş redaktor:"İran fürsət düşdükcə, Azərbaycana qarşı kin və qəzəbindən əl çəkməyəcək"

Baş redaktor:"İran fürsət düşdükcə, Azərbaycana qarşı kin və qəzəbindən əl çəkməyəcək"

“İran Prezidenti İbrahim Rəisi İran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxtda Güney Azərbaycanın Ərdəbil vilayətinə səfər edib.

İlk baxışda adi və ya ölkədaxili məsələ kimi baxılan bu səfər əslində birmənalı səfər sayılmamalıdır”.

Bunu “Cümhuriyət” qəzeti və Cebhe.info xəbər portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, Azərbaycanla münasibətlərinin gərginliyi və Ərdəbilin imam-cüməsi Amulinin bu gərginliyin yaranmasında xüsusi yer tutması səfərin pərdəarxası məqamlarının olduğunu göstərir:

“Rəsmi məlumatlara görə, Rəisinin səfəri vilayətlər turunun davamıdır və hansısa layihələrin açılış mərasimində iştirakdır. Təbii ki, bu, görünən tərəfdir. Rəsmi şəkildə nə yazmalı, necə açıqlama verməlidirlər? “Bu, Amuliyə dəstək və onunla eyni düşüncəni bölüşməkdir” deməyəcəklər ki! Azərbaycanın sərt və konkret mövqeyindən sonra açıq-aşkar Amulini dəstəkləmək və İranın rəsmi mövqeyini açıqlamaq üçün Ərdəbilə gəlmişik deyə bilməzlər. Lakin bu səfərin əsl məqsədi və niyyəti budur.

Bu eyni zamanda Ərdəbildə yaşayan soydaşlarımıza mesajdır ki, biz Amuliylə eyni düşünürük. Çünki İran tərəfi Azərbaycanla münasibətlərinin gərginləşməsində Amulinin hansı xidmətlər göstərdiyini yaxşı bilir. Eyni zamanda İranda onu da yaxşı bilirlər ki, Quzey Azərbaycanda da, elə onun imam-cüməlik etdiyi Ərdəbildə də Azərbaycanı təhdid edib, özünə aid olmayan və səlahiyyətindən, başından böyük danışdığına görə Amuliyə xüsusi antipatiya və nifrət var.

Çünki özünü bir əyalət mollası kimi yox, dövlət rəsmisi kimi aparıb. İran tərəfi münasibətləri yaxşılşadırmaq, yaranan gərginliyi azaltmaq istəsəydi bu səfəri ertələyə bilərdi. Lakin bunu etmədilər. İrandaxili səfər sayılan bu səfərin arxasında dərin və gizli mənaların olduğu sirr deyil”.

Baş redaktor qeyd edib ki, İran Prezidenti bu addımla rəsmi şəkildə bir daha dövlətinin və özünün Amuliylə eyni fikirdə olduğunu sərgiləmiş oldu. Bunun adı dəstək və mövqe bölüşməsidir:

“Aydındır ki, İran Azərbaycana qarşı heç zaman səmimi davranmayıb və davranmayacaq da. İran hələ də geri çəkilməyib. Bütün mənalarda Azərbaycana qarşı qərəz və kinindən, Ermənistan sevdasından çəkilmir. Ona görə də İranın Qarabağda məskunlaşan və Rusiya sülhməramlıların məsuliyyət zonasında yaşayan ermənilərə hər hansı yük göndərməyəcəklərini bəyan etdikləri rəsmi sənəd və məktublardakı geri çəkilmələri kiminsə düşüncəsini dəyişməməlidir. İran fürsət düşdükcə, Azərbaycan qarşı kin və qəzəbindən əl çəkməyəcək, imkanı olduğu qədər yenə Ermənistanın yanında və onun havadarlarından biri olacaq...”

Cebhe.info